Fev 28, 2024 16:27 Asia/Baku
  • Kənani Almaniya xarici işlər nazirinin insan haqları ilə bağlı açıqlamalarına cavab verib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Almaniya xarici işlər nazirinin BMT-nin İnsan Haqları Şurasının iclasında İslam Respublikasına qarşı irəli sürdüyü ittihamları Berlinin sionist işğalçılara dəstəyini və işğal olunmuş Fələstində insan haqları pozuntularına məhəl qoymamasını ört-basdır etmək üçün uğursuz cəhdlər hesab edib.

Nasir Kənani deyib: "Bu acı ironiyadır ki, insan haqlarını pozanlara hərtərəfli dəstək verən və İrana qarşı tətbiq edilən müharibə zamanı Səddam rejiminə kimyəvi silahlar verən, habelə Qəzzədə sionist rejimin törətdiyi soyqırımı açıq şəkildə dəstəkləyən Qərb hökumətləri hazırda insan hüquqlarını müdafiə etdiklərini iddia edirlər".  

O, əlavə edib: "Almaniya hakimiyyəti insan haqlarını qorumaq bəhanəsi ilə və bu məsələni siyasiləşdirmək motivi ilə başqa ölkələrin daxili işlərinə qarışır, eyni zamanda, silah zavodlarının fəaliyyətini aktivləşdirməklə öz ölkələrinin iqtisadiyyatını gücləndirir".

"Biz Almaniyaya məsləhət görürük ki, reallıqla ziddiyyət təşkil edən zahirən humanitar tövsiyələr verməklə insan haqları ilə bağlı həqiqi və dəyərli sözləri siyasi oyunlara qatmasın", - deyə Kənani qeyd edib. 

O, daha sonra deyib: "Qəzzə zolağı və İordan çayının qərb sahilindəki faciəvi şərait, Rəfəh sakinləri və fələstinli qaçqınların narahatedici şəraiti insan haqları iddiaçılarının rüsvayçılığı və onların uğursuzluğunun bariz sübutudur. Əgər Almaniya və onun müttəfiqləri həqiqətən də insan hüquqlarını qorumaq istəyirlərsə, o zaman sionist rejimin 70%-dən çoxu qadın və uşaqlardan ibarət 30 min müdafiəsiz insan və mülki vətəndaşı qətlə yetirməsi ilə bağlı faktaraşdırıcı qrup yaratsınlar və bununla da öz iddialarını dünyaya sübut etsinlər".