Sen 05, 2023 12:54 Asia/Baku

Bazar ertəsi Suriya ordusu İdlibin cənubunda “Ənsar əl-Tövhid” kimi tanınan terror qruplaşmasının mövqelərini artilleriya və raket zərbələri ilə hədəfə alıb.

“Əl-Əxbariyyə” xəbər agentliyinin çərşənbə axşamı yaydığı məlumata görə, Suriya ordusu Türkiyənin dəstəklədiyi terror qruplaşmalarına qarşı mübarizəni davam etdirərək,İdlibin cənubunda “Ənsar əl-Tövhid” adlı qruplaşmanın terrorçularının bazaları və toplaşdıqları yerləri artilleriya və raket zərbələri ilə hədəfə alıb.

Həmçinin Şənbə günü Suriya ordusu Suriyanın şimal və şimal-qərbində terrorçuların mövqelərini atəşə tutub, Hələb şəhərinin qərb ətrafında terrorçuların bazaları ordunun artilleriya bölmələri tərəfindən hədəfə alınıb.

Suriya mətbuatı bu terrorçuların, xüsusən də Suriyanın şimalında və şimal-qərbində yerləşən “Cəbhət ən-Nəsrə” terror qruplaşmasına bağlı qrupların Türkiyə tərəfindən dəstəkləndiyini yazıb.

Dəməşqin dəfələrlə şikayətlərinə baxmayaraq, Türkiyə və Amerika qüvvələri Suriyanın şimal, şimal-qərb və şərqindəki ərazilərinin bir hissəsini saxta bəhanələrlə işğal etməkdə davam edir, həmçinin terror qrupları yerləşdirməklə  bütün Suriyada sülhün bərqərar olmasına mane olmağa və onun milli suverenliyini təhdid etməyə çalışır.

Suriya Türkiyə və ABŞ-ın öz ərazisində hərbi mövcudluğunu işğal hesab edir və ABŞ-ın Suriyanın şərqində ölkənin neft ehtiyatlarını və məhsullarını, xüsusilə də buğdasını oğurladığını iddia edir.