İRNA agentliyinin yeni layihəsi açıqlandı:
Azərbaycan dilində sayt yaradılır, Bakıda isə ofis açılır
İRNA Xəbər Agentliyinin baş direktoru Əli Nadiri bu agentliyin Azərbaycan dilində sayt yaratmağı və Bakıda ofis açmağı planlaşdırdığını söyləyib.
Ə.Nadiri Azərbaycana 4 günlük səfəri çərçivəsində AzərTac xəbər agentliyinin ofisində olub, agentliyin rəhbərliyi ilə görüşüb.
Görüşdə Nadiri bildirib ki, İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi hökumətinin mühüm siyasətlərindən biri də qonşularla əlaqələri inkişaf etdirməkdən ibarətdir; Ən mühüm qonşularımızdan biri isə Azərbaycan Respublikasıdır və Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi İranda hazırkı hökumət formalaşandan bəri ciddi şəkildə davam etdirilir.
“İran və Azərbaycan arasında yaxşı münasibətlərin düşmənləri var” deyən İRNA-nın rəhbəri əlavə edib: “Bəlkə də hamımızın iradəsindən kənar səbəblərə görə, təəssüf ki, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə edilən faciəli basqın nəticəsində bu münasibətlər gərginləşib, lakin hər iki tərəfin iradəsi ondan ibarətdir ki, iki dost ölkə arasında mövcud olan problemlər həll edilərək əvvəlki vəziyyətə qayıtsın”.
Onun sözlərinə görə, məhz bu yanaşma əsasında İRNA xəbər agentliyinin iki planı var: Birincisi, yaxın günlərdə Şuşa şəhərində İRNA-nın Azərbaycan dilində saytının açılması, ikinci isə İslam Respublikası Xəbər Agentliyinin Bakıdakı ofisinin fəaliyyətinin bərpa edilməsidir ki, İrandan müxbir ezam etməklə Azərbaycan xəbərlərini birbaşa və vasitəsiz əks etdirmək nəzərdə tutulur.
Görüşdə iştirak edən İranın Azərbaycandakı səfiri Abbas Musəvi deyib: “Təəssüf ki, saxta xəbərlər iki ölkə münasibətlərinə qarşı çox səs-küy yaratdı. İki ölkənin rəsmi xəbər agentliklərinin əlaqələri və fəaliyyəti artarsa, saxta xəbərlərə yer qalmayacaq. İRNA-nın baş direktorunun Azərbaycana səfəri də bu məqsədə xidmət edir və bu gün o, İRNA Azərbaycan dilində saytının fəaliyyətə başlaması müjdəsi ilə Azərbaycana gəlib”.
Səfirin sözlərinə görə, son siyasi gərginliklər zamanı İRNA və AzərTac xəbər agentlikləri peşəkarcasına fəaliyyət göstərərək, gərginliyə qarışmayıb və faktiki olaraq saxta xəbərlərin toruna düşməyiblər.