Azərbaycanla Özbəkistan hərbi əməkdaşlığa dair sənəd imzalayıb
Azərbaycan Respublikası və Özbəkistannın müdafiə nazirləri arasında ikitərəfli əməkdaşlıq Planı imzalanıb.
"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı" imzalanıb.
Bu barədə KİV-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanovun dəvəti ilə oktyabrın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkəyə rəsmi səfər edib.
Müdafiə nazirləri arasında əvvəlcə təkbətək, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
Kurbanov həmkarını salamlayaraq qeyd edib ki, Özbəkistan və Azərbaycan Respublikası arasında ikitərəfli hərbi əməkdaşlıq iki ölkə ordusunun güclənməsinə kömək edir.
Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, hər iki ölkənin mütəxəssislərindən ibarət heyətin mütəmadi olaraq qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran bir sıra digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.