Azərbaycan-Türkiyə birgə taktiki təlimi başladı
https://parstoday.ir/azeri/news/azerbaijan-i2744-azərbaycan_türkiyə_birgə_taktiki_təlimi_başladı
Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimi başlayıb.
(last modified 2026-03-20T08:20:48+00:00 )
Okt 23, 2023 07:40 Asia/Baku
  • Azərbaycan-Türkiyə birgə taktiki təlimi başladı

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimi başlayıb.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən KİV-ə verilən xəbərə görə, Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla Azərbaycanın müxtəlif istiqamətlərində keçirilən birgə taktiki təlimə hər iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.

Bildirilib ki,“Mustafa Kamal Atatürk-2023” birgə taktiki təlimində əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.

“International Radio France” bu barədə yazıb ki, Türkiyə ilə Azərbaycan Respublikası arasında keçirilən təlim Ermənistana təzyiq strategiyası kimi qiymətləndirilir və növbəti qarşıdurmanın baş verə biləcəyi ehtimal edilir.

Qeyd edək ki, Azərbaycan-Türkiyə birgə taktiki təlimi cari ilin 23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və qarabağda daxil olmaqla bir neçə istiqamətdə keçiriləcək.