Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycan Respublikasının əleyhinə qərar çıxarıb
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Məhkəməsi Azərbaycan Respublikası əleyhinə qərar çıxarıb.
2023-cü il sentyabrın 19 və 20-də Azərbaycan Respublikası Dağlıq Qarabağa hücum edərək əməliyyat zamanı bu rayonu ələ keçirdi. Azərbaycan silahlı qüvvələrinin hücumu ilə Dağlıq Qarabağda yaşayan 100 mindən çox erməni bu ərazidəki evlərini tərk edib.
Qaçqınların böyük hissəsini qəbul edən Ermənistan sentyabrın 28-də BMT-nin Beynəlxalq Məhkəməsinə şikayət edib. Hökm dünən, cümə günü dərc edilib.
“Armenian Press”-in məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsi bu qərarında bəyan edib ki, Azərbaycan Respublikası 2023-cü il 19 və 20 sentyabr hücumlarından sonra Dağlıq Qarabağı tərk etmiş bütün şəxslərin təhlükəsiz qayıtmasına zəmanət verməlidir.
Bu qərara əsasən, Bakı 2023-cü il sentyabrın 19-dan sonra ərazidə qalanların hamısının qayğısına qalmağa, ərazini tərk edib geri qayıtmaq istəyənlərin hamısını müdafiə etməyə borcludur.
Beynəlxalq Ədalət Məhkəməsi bəyan edib ki, Azərbaycan Respublikası bu insanların tez və təhlükəsiz qayıtması üçün hazırlıq işləri görməlidir və Qarabağda qalmaq istəyənlərə təzyiqlərdən çəkinməlidir.
Azərbaycan Respublikasından həmçinin “İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğvi haqqında Beynəlxalq Konvensiya”nın tələblərinə uyğun olaraq şəxsiyyəti təsdiq edən sənədləri və fiziki şəxslərin əmlakına və şəxsi mülkiyyətinə aid sənədləri tanıması tələb olunub.
Məhkəmənin qərarına əsasən, Bakı bu hökmün çıxarılmasından səkkiz həftə sonra bu beynəlxalq məhkəmə orqanına öz fəaliyyəti və məhkəmənin qərarının icrası üçün görülmüş tədbirlər haqqında hesabat təqdim etməlidir.