Noy 30, 2023 16:05 Asia/Baku
  • İlahiyyatçı Camir Ağayevə hökm oxundu

Noyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsi narkotiklə şərlənən növbəti ilahiyatçıya hökm oxuyub.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçən məhkəmə prosesində ruhani Camir Ağayevin narkotiklərlə bağlı ittihamına baxılıb.

Xatırladaq ki, bu ilin fevralında kütləvi inanclıların saxlanıldığı bir dönəmdə ilahiyyatçı Camir Ağayev həbs olunmuşdu. Məhkəməyə qədər o, 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddə ilə ittiham olunsa da, hakim maddəni 234.1.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsinə tövsif edib. Beləliklə də ruhani saxta ittiham əsasında təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçilərinin məlumatına görə həbs edilən inanclıları sayı mindən artıqdır ki, onların içində ruhanilərin sayı 50-ə çatır.

Məhkəmə tərəfindən çıxarılan qərarların sifarişli olması kimsədə şübhə doğurmur və bu məsələ bütün inanc əhlinin günahsız olaraq repressiya maşınının qurbanına çevrildikləri barədə yekdil rəy formalaşdırıb.

Maarifpərvər şiə ruhanilərinin susdurulması fonunda qeyri-ənənəvi təriqət nümayəndələrinin, o cümlədən Azərbaycan xalqına tamamilə yad olan vəhhabilərin respublikada at oynatdığı barədə xəbərlər yayılır. Eyni zamanda sionist rejimi təmsil edən sinaqoqların sərbəst şəraitdə fəaliyyət göstərdikləri bildirilir. 

Eyni zamanda şiə inanclılarına qarşı şər və böhtan kampaniyasının arxasında sionist dairələrin dayandığı barədə şayilər var. Belə ki, İsrailə məxsus peqasus proqramı ilə Azərbaycan vətəndaşlarından casusluq etmək və sonra saxta materialları hüquq-mühafizə orqanlarına ötürüb istənilən şəxsin həbsinə zəmin yaratmaq bu günlər artıq adi hala çevrilib. Hətta qeyd olunur ki, tanınmış iqtisadçı Qubad İbadoğlu və məşhur iş adamı Nazim Bəydəmirli də bu üsulla tutdurulub. Bu, daha çox onunla əlaqədardır ki, bir tərəfdən həbslərin legitimliyi xalq arasında qəbul olunsun, başqa tərəfdən isə işğalçı İsrail özünü Azərbaycan hakimiyyətinin sirdaşı və ən etibarlı müttəfiqi kimi təsbit etsin.