“Abzas Media”ya müsahibə verən şəxs saxlanılıb
(last modified Tue, 05 Dec 2023 12:30:32 GMT )
Dek 05, 2023 16:30 Asia/Baku
  • “Abzas Media”ya müsahibə verən şəxs saxlanılıb

“Sənədləşdirilməyən narkotik vasitələr siyasi həbslərdə istifadə olunur” deyən fəalın özü narkotik ittihamı ilə saxlanılıb.

Hüquq müdafiəçisi, keçmiş polis əməkdaşı İlhamiz Quliyevin dünən Bakıda polis tərəfindən saxlanıldığı bildirilir.

Turan xəbər agentliyi fəalin yaxınlarına istinadla bildirir ki,O dekabrın 4-də evinin yaxınlığında saxlanılıb: "Saxlanılanda İlhamiz şiddətə məruz qalıb. Onu sürüyə-sürüyə maşına aparıblar, başından vurublar". 

Vəkil Zibeydə Sadıqova mediyaya İlhamiz Quliyevin şübhəli şəxs qismində saxlanıldığı bildirib: "O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb. Hazırda Yasamal Rayon Polis İdarəsində saxlanılır. İ.Quliyev özünü təqsirli bilmir". 

Hüquq müdafiəçisi Rüfət Səfərov facebook səhifəsində yazıb ki, İlhamiz Quliyev bu il oktyabrın 5-də İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddələri üzrə 30 sutka inzibati qaydada həbs edilib.

“Azadlığa çıxandan sonra təqib edilən İlhamiz Quliyev dekabrın 4-də yenidən saxlanılıb. Saxta ittihamlar üzrə cinayət işinin başlanacağı gözlənilir. İlhamiz Quliyev şərlənmədən müdafiə üçün Narkoloji Dispanserdə analizlər verib, narkotik maddə istifadəçisi olmadığı müəyyən edilib. (Hüquq müdafiəçisi tibbi arayışı əlavə edib). Onu da qeyd edim ki, İlhamiz Quliyev həbsindən əvvəl “Abzas Media”ya müsahibə verib, təhlükəsizlik məqsədilə səsi xüsusi proqram vasitəsilə dəyişdirilib, “sənədləşdirilməyən narkotik vasitələr siyasi həbslərdə istifadə olunur”- deyib, lakin Daxili İşlər Nazirliyi mövzu üzrə ekspert rəyinin İlhamiz Quliyevə aid olduğunu müəyyənləşdirib, elə repressiv tədbirlərə də bundan sonra start verilib”, Hüquq müdafiəçisi Rüfət Səfərov deyib.

Quliyev əvvəllər USAİD-lə əməkdaşlıq çərçivəsində hüquqi xidmət göstərib.