COP-29 Bakıda keçiriləcək
İqlim Dəyişikliyi üzrə BMT konfransı - COP 29 gələn il Azərbaycanda keçiriləcək.
İqlim Dəyişikliyi üzrə BMT konfransı - COP 29 gələn il Azərbaycanda keçiriləcək.
Aran Radiosu KIV-ə istinadla xəbər verir ki, bu barədə qərar Dubayda keçirilən COP28 plenar sessiyada elan olunub.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kyoto Protokolu müzakirə olunmuşdu.
2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.
Bundan əvvəl diplomatik mənbələr jurnalistlərə bildirmişdi ki, Azərbaycanın namizədliyinin başqa dövlətlər tərəfindən də dəstəklənəcəyi gözlənilir. İrəvan da bu məsələdə Azərbaycan Respublikasının namizədliyinə veto qoymayacağını açıqlamışdı.
Qeyd edək ki, Azərbaycan Respublikasının gələn il BMT konfransı - COP 29 sessiyasına ev sahibliyi etmək üçün namizədliyi Ermənistan və Azərbaycan Respublikası arasında Sülh sazişi nəticəsində mümkün olub.