S.Novruzov məmurları qazilərin “bir abbası”sını verməyə çağırıb
"Qazilərin də heç olmasa “bir abbasi”lərini verin". Bu fikirləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin növbədənkənar sessiyası çərçivəsində iyunun 13-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
“Hörmətli Samir müəllim, hamıya pul ayırırsınız, qazılarin də “bir abbası”sını verməyi sizdən xahiş edirəm!”
Siyavuş Novruzov qarşıdan Silahlı Qüvvələr Gününün gəldiyini xatırladaraq deyib: “İyunun 26-sı Silahlı Qüvvələr Günüdür. Qaziləri bununla sevindirmək olar. Bununla onların rifah halını yaxşılaşdırmaq olar”.
Deputat Qazilərin məişət problemləri barədə tez-tez müraciətlər aldığını da diqqətə çatdırıb: “Harda görüşürəmsə, bu məsələni qaldırırlar, ona görə xahiş edirəm ki, qaziləri sevindirəsiniz!”- S.Novruzov deyib.
Deputatın qazilərə “bir abbası” tələb etməsi əslində məşhur “o olmasın bu olsun” kinosunda Məşədi İbadın öz tamahkar məqsədi üçün hər kəsə “500 manat”-lar rüşvət verdiyi halda, onun qalxmasına canından maya qoyaraq pillə olmuş və onun ağır çəkisinə görə beli şikəst olan hambalın sadəcə “bir abbası”-lıq müzdünü verməkdə çətinlik çəkdiyinə işarədir.
Beləliklə Siyavuş Novruzov dolayısı ilə məmurları özlərini qorumaq və yaxud öz doymaz iştahlarını təmin etmək üçün rüşvət verməkdə ən yaxşı halda dövlət əmlakını ona-buna pay-püşk etməkdə ittiham edir və dağıtdıqları dövlət əmlakından qazilərin də haqqını çox kiçicik məbləğdə ödəməyə çağırmış olub. O qazilər ki, həmin məmurların vəzifədə qalması üçün zəruri olan ölkəni və dövləti qoruyublar.