Azərbaycanda karantin rejimi növbəti dəfə uzadıldı
Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Nazirlər Kabinetinin bu barədə verdiyi qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabradək uzadılıb. Beləliklə də sərhədlər daha 3 ay bağlı qalacaqdır.
İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən beynəlxalq forumda etdiyi çıxışında ölkə sərhədlərinin bağlı qalmasını milli təhlükəsizlik məsələləri ilə əlaqələndirib.
O deyib: “Sərhədləri bağlı saxlamaq qərarı Covidə görə verilib. Biz hələ də formal olaraq karantin fazasındayıq. Lakin eyni zamanda, açıq danışaq, sərhədləri bağlı saxlamaq qərarı təkcə ona əsaslanmır. Sərhədlərin bağlı olması azərbaycanlılar və digərləri üçün əlverişsiz olsada, milli təhlükəsizlik bütün digər hisslərdən, bütün başqa səbəblərdən üstün olmalıdır”.
Bundan əvvəl Əliyev sərhədlərin bağlı qalması qərarının "insanların xəstələnməməsi" üçün verildiyini demişdi.
Qeyd edək ki, 2020-ci ilin əvvəlində koronavirus pandemiyası ilə bağlı Azərbaycanın qonşu ölkələrlə quru sərhədində gediş-gəliş məhdudlaşdırılıb. Amma ötən il mayın 5-də Dünya Səhiyyə Təşkilatı pandemiyanın başa çatdığını desə də, bu məhdudiyyət aradan qaldırılmayıb.
Azərbaycanın müxalifət partiyaları quru sərhədlərin açılamamasını tənqidlə qarşılayır.
Xatırladaq ki, İranla sərhədlərin bağlı qalması Azərbaycanın sərhəd bölgələrində yaşayan insanların məişətinə mənfi təsir göstərib və xəstələrin İrana gedərək ucuz və etibarlı müalicə almasına mane olub.
Son qırara tanınmış politoloq Natiq Cəfərlinin isə reaksiyası belə olub: “Karintin rejimi virusa görədirsə niyə COP29 keçirib 80-100 min qonaq çağırırıq, ölkədə virus var axı, yazıq deyillər, virusa yoluxarlar! Biz onları, onlar da bütün dünyanı vurusa bulaşdırarlar, biabır olarıq ki! Yox əgər təhlükəsizliyə görədirsə, yenə də niyə COP29 keçiririk, təhlükəli deyil bu?! Bu qədər adam gəlsə, təhlükəsizliyə necə zamənət verəcəyik?! Eyni zamanda təhlükəsizlik məsələsidirsə, məsələn, Azərbaycan vətəndaşının xaricə piyada keçməsi təhlükəsizliyə necə təhdid yaradır?!”