İlham Əliyev Məsud Pezeşkianı Azərbaycana səfərə dəvət edib
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkiana təbrik məktubu ünvanlayıb.
Azərbaycan Respublikasının prezidenti təbrik məktubunda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ortaq dini-mədəni köklər, dostluq və qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət verdiyini bildirib.
“Ötən onilliklər ərzində qarşılıqlı faydalı əməkdaşlığımızın bütün sahələrdə, xüsusilə də iqtisadiyyat, nəqliyyat, energetika və humanitar sahələrdə dinamik inkişaf edərək bugünkü səviyyəyə yüksəlməsi və yeni məzmun kəsb etməsi bizi sevindirir”,-məktubda deyilir.
İlham Əliyev iki ölkə arasında qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan əlaqələrin gələcək inkişaf istiqamətlərinə dair əldə edilmiş razılaşmalar, icra olunan birgə layihələrin hər iki ölkənin rifahına bütövlükdə regionun davamlı inkişafına və təhlükəsizliyinə xidmət etdiyini vurğulayıb.
Əminəm ki, birgə səylərimizlə xalqlarımızın və ölkələrimizin mənafeləri naminə Azərbaycan ilə İran arasında ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, qarşılıqlı maraq doğuran əməkdaşlığın genişlənməsinə nail olacağıq”,- məktubda deyilir.
Azərbaycan Respublikası prezidenti İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiana ünvanladığı təbrik məktubunda Pezeşkianı ikitərəfli əməkdaşkların inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparmaq məqsədilə Azərbaycana səfərə dəvət edib.
Məktubun sonunda belə deyilir: “Sizə ən xoş arzularımı çatdırır, dost və qardaş İran xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram".