Niyə Bakıda sıxlıq azalmır?
(last modified Mon, 08 Jul 2024 15:25:10 GMT )
İyul 08, 2024 19:25 Asia/Baku
  • Niyə Bakıda sıxlıq azalmır?

Regionlarda işləmək üçün şəraitin olmaması ölkə əhalisinin 70 faizini Bakıya çəkib gətirib.

Quru sərhədlərinin bağlı olması və yerli turizm mərkəzlərindəki qiymətlərin bahalığı insanları istirahətə getməkdən məhrum edir. Böyük əksəriyyət Bakıda qalır və Bakıda gərginlik azalmır.

Yeni Müsavat qəzeti yay mövsumundə də Bakıda sıxlığın azalmaması barədə bir material dərc edib. Yazıda bildirilir ki,istirahət mövsümü olmasına rəğmən, paytaxt insanla dolub-daşır. Məzuniyyətlərin başlaması, məktəb və ali təhsil ocaqlarında tədrisə fasilə verilməsi Bakıda əhali sayına demək olar ki, təsir etməyib. 

Qəzet ötən illərə nisbətən, bu qədər insanın Bakıda qalmasının səbəbləri barədə Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq  Elçin Bayramlının fikirlərini dərc edib:

“Yay tətilinin başlamasına baxmayaraq, Bakıda əhalinin, avtomobillərin sayı, o cümlədən sıxlıq azalmayıb. Maksimum 10 faiz azalma müşahidə olunur ki, bu da tələbələrlə bağlıdır. Tələbələrin isə böyük əksəriyyəti Bakı-Abşeron zonasının payına düşür. Çünki ümumilikdə ölkə əhalisinin yarıdan çoxu sözügedən zonada yaşayır. Ona görə də yay mövsümi olsa belə, paytaxtda gərginlik azalmır. Üstəlik, quru sərhədlərinin bağlı olması və yerli turizm mərkəzlərindəki qiymətlərin bahalığı insanları istirahətə getməkdən məhrum edir. Böyük əksəriyyət Bakıda qalır, yaxud bir neçə günlük güclə rayona gedir. Bu səbəbdən əvvəlki illərə nisbətən paytaxtda sıxlıq azalmır. Halbuki əvvəllər yay tətilində şəhərdə əməlli-başlı rahatlıq yaranırdı, nəqliyyatın hərəkətində, metroda, avtobusda insanların sayında azalma nəzərə çarpırdı. Ancaq hazırda bunu müşahidə edə bilmirik. Səbəb əhalinin sosial-iqtisadi durumu, quru sərhədlərin qapalı olması, regionlarda fəaliyyət göstərən istirahət mərkəzlərindəki qiymətlərdə bahalıqdır. Əhalinin böyük əksəriyyətinin paytaxtda məskunlaşması da sosial-iqtisadi vəziyyətlə bağlıdır. Çünki regionlarda işləmək üçün şərait yoxdur. Elə ona görə də ölkə əhalisinin 70 faizi Bakıya üz tutub”,- Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq  Elçin Bayramlı deyib.