Azərbaycanlı siyasətçi Kərbəla qiyamının bütün dünyada necə anılmasından yazdı
Elxan Şükürlü: Heç bir qadağa bu əzəmətli dalğanın qarşısını ala bilmir!
Düz 14 əsr - 1344 ildir ki, müsəlmanlar Kərbəla faciəsini onun ağrısını təkrar yaşaya-yaşaya, ancaq həm də böyük bir qürur və iftixar hissiylə anır, qeyd edirlər.
Elxan Şükürlü feysbuk hesabında yazdığı geniş məqalədə bildirir: “Bu faciənin ildönümünü dünyanın hər yerində milyonlarla insan böyük yanğı, coşğu və sevgiylə anır, heç bir qadağa, təzyiq də bu əzəmətli dalğanın qarşısını ala bilmir! Çünki dünyada ədalətsizliklər, qeyri-bərabərliklər və zülm artdıqca, ona paralel şəkildə də Kərbəlada yaşananlar araşdırıldıqca, öyrənildikcə, bu hadisənin təkcə İslam tarixində deyil, ümumiyyətlə, bəşəriyyətin mübarizə tarixində necə böyük və örnək bir nümunə olduğu daha yaxşı dərk edilir, anlaşılır!”.
Politoloqun fikrincə, artıq Həzrəti Hüseynin (ə) həyatı, əxlaqı, davranışları, zalıma boyun əyməmək və ideyası uğrunda ölümə yürümək örnəyi təkcə zülm və zorakılğın yayılıb artdığı Yaxın və Orta Şərqdə - İslam coğrafiyasında deyil, ədalətsizliyin və haqsızlığın olduğu hər yerdə, o cümlədən xristian Qərb dünyasında, hətta buddistlərin çoxluq təşkil etdiyi Çin və Hindistanda belə, böyük maraq və həvəslə araşdırılır, öyrənilir, tədqiq edilir.
Elxan Şükürlü sonra yazır: “Əlbəttə hər kəs Kərbəlanı anlaya, hər kəs Hüseynə ağlaya və onu sevə bilməz! Heç bu, hər kəsdən gözlənilmir də! Çünki yalnız ideyasına və prinsiplərinə sadiq, kin, həsəd və paxıllıqdan uzaq, həqiqi ləyaqət və şərafət sahibi olan insanlar Hüseyni və tərəfdarlarını daha yaxşı başa düşər, anlayar, onları sevər, hörmətini də hər yerdə saxlayar!”.
Məqalədə sonra deyilir: “İmam Hüseynin 680-ci ildə Kərbəlada, Fərat çayının sahilində özünün və övladlarının qanıyla yandırdığı o işıq 1344 ildir ki, azadlıq və ədalət istəyən, haqqı uğrunda mübarizə aparan və bunun üçün canını belə çəkinmədən verən insanların yolunu aydınlaşdıran nura, mayaka, əbədi məşələ çevrilib! Azərbaycan insanı da o yolda yürüyənlərin nələrə nail olduğunu 44 günlük Qarabağ savaşında bir daha gördü, anladı”.