Azərbaycan seçkilərində antirekord qeydə alınıb
Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin sönük keçirildiyi və seçici fəallığına görə antirekord qeydə alındığı bildirilir. Seçici fəallığı heç 40 faizə də çatmayıb.
bu məlumata əsasən, növbədənkənar parlament seçkiləri üzrə səsvermədə ümumi seçici fəallığı açıqlanıb.
Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilib ki, seçkidə ümumilikdə 37,27 faiz (2 milyon 196 min 771 nəfər) seçici iştirak edib.
Bu, 2005-ci ildən bəri keçirilən 5 parlament seçkisində ən aşağı seçici aktivliyi deməkdir.
Xatırladaq ki, Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.
Bazar günü 125 deputat yeri uğrunda 1000-ə yaxın namizəd mübarizə aparıb və Yeni Azərbaycan Partiyasının namizədləri bu dəfə də səs çoxluğu qazanıblar.
Bundan əvvəl Azərbaycanın əsas müxalifət partiyalarından biri sayılan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) seçkini boykot edib. Partiya 2015-ci ildən bəri ardıcıl olaraq, seçkiyə getmir.
Müsavat və Real partiyaları isə seçkidə iştirak ediblər.
Sentyabrın 1-də keçirilən seçkiləri ATƏT-in müşahidə missiyası, MDB ölkələrindən müşahidəçilər də daxil olmaqla, 600-dən artıq beynəlxalq və 100 mindən çox yerli müşahidəçi izləyib.
Xatırladaq ki, erkən parlament seçkisinin keçirilməsi ilə bağlı sərəncam iyunun 28-də prezident İlham Əliyev tərəfindən verilib.
Hakimiyyət iddia edir ki, Milli Məclisin Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra yeni tərkibdə təmsil olunması və parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə edilməsi üçün yeni tərkibdə parlamentə ehtiyac var. Lakin müstəqil ekspertlər bu arqumentlə barışmır və onun iqtidara daha sədaqətli şəxslərin deputat seçilməsində maraqlı olduğunu deyirlər.
Beləliklə də seçicilər sağlam rəqabətin olmadığı və parlament seçkilərinin formal xarakter daşıdığı qənaətinə gələrək seçkilərə biganəlik göstərib və müstəqillik dönəminin ən sönük seçkiləri təşkil olunubdur.