Layihə 5 ildən sonra istifadəyə veriləcək
https://parstoday.ir/azeri/news/iran-i1318-layihə_5_ildən_sonra_istifadəyə_veriləcək
Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin 2028-ci ilədək başa çatdırılması planlaşdırılır.
(last modified 2023-07-31T03:30:22+00:00 )
İyul 27, 2023 14:35 Asia/Baku
  • Layihə 5 ildən sonra istifadəyə veriləcək

Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin 2028-ci ilədək başa çatdırılması planlaşdırılır.

Bu barədə Rusiyanın nəqliyyat naziri Vitali Savelyev bildirib.

O qeyd edib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin qərb marşrutunun inkişafı çərçivəsində 2023-cü ilin mayında hökumətlərarası saziş imzalanıb ki, bu da İran İslam Respublikası ərazisində Rəşt-Astara dəmir yolu xəttinin çatışmayan hissəsinin tikintisi ilə bağlı təxminən 20 illik müzakirələrin nəticəsidir.

Onun sözlərinə görə, "Rusiya Dəmir Yolları" Holdinqinin məqsədi 2023-cü ildə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi vasitəsilə 1 milyondan çox konteyner daşımaqdır.

Qeyd olunur ki, mayın 17-də Rusiya və İran Fars körfəzi limanlarına keçidi təmin edəcək Şimal-Cənub layihəsi çərçivəsində Rəşt-Astara yolunun 160 kilometrlik hissəsinin birgə tikintisinə dair saziş imzalanıb. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur.

Xatırladaq ki, hazırda Azərbaycanın tranzit-logistika potensialının gücləndirilməsində önəmli rol oynayan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində görülən tədbirlər çərçivəsində Sumqayıt-Yalama dəmir yolu yenidən qurulur.

Məlumat üçün bildirək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında Şimal-Cənub nəqliyyat dəhlizinin təməli qoyulub. Azərbaycan Respublikasə bu Sazişə 2005-ci ildə qoşulub.

Ümumilikdə 13 ölkə sözügedən Sazişi ratifikasiya edib.

Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, Şimal-Cənub vasitəsilə 3 həftə olması gözlənilir.