Rəisi: Qərb ölkələri danışıqlar masasını tərk etdilər və iğtişaşlarla ümid bağladılar
Prezident Seyid İbrahim Rəisi deyib: "Qərb ölkələri müzakirə masasını tərk etdilər və iğtişaşçıları dəstəkləməklə öz məqsədlərinə çatmaq istədilər, lakin məyus olduqdan sonra danışıqlar masasına qayıtmağı xahiş etdilər".
İran İslam Respublikası prezidenti Seyid İbrahim Rəisi çərşənbə axşamı hökumət həftəsi münasibətilə 250 yerli və xarici media nümayəndələri ilə keçirdiyi mətbuat konfransında deyib ki, düşmən iki strategiyaya əməl etməyə çalışdı: biri İranı təcrid etmək, ikincisi isə xalqı məyus etmək ki, hər iki strategiyada uğursuzluğa düçar oldu.
O əlavə edib: "Düşmənlər İranı təcrid etməyə müvəffəq olmadılar.Biz əvvəldən bəyan etmişik ki, Əhatəli Müştərək Təşəbbüs Proqramı nə ilk, nə də sonuncu məsələmiz olacaq. Hökumətin gündəmində çoxlu işlər var ki, onlar da izlənilir. Qonşu və müttəfiq ölkələrlə əlaqələrimizi izlədik, bu ölkələrlə siyasi və iqtisadi əlaqələrimizin səviyyəsi yüksəldi, belə ki, qonşularımızla ticarət və iqtisadi əlaqələrimizdə 14 faiz artım oldu".
Prezident daha sonra deyib: "13-cü hökumət ticarət əlaqələrində yeni rekorda imza atdı və ölkədə mövcud olan imkanlarla Latın Amerikası, Afrika və bir çox Asiya ölkələri ilə əlaqələr artdı. Avrasiya İqtisadi İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS-ə üzvlük İranın imkan və mövqeyə malik olduğunu və düşmənlərin İranı təcrid etmə strategiyasında müvəffəq olmadığını göstərdi".
Rəisi əlavə edib: "Bəzi İslam ölkələri ilə dayandırılmış əlaqələrimizin bərpası da izlənildi və qonşu və mütəffiq ölkələrlə siyasi, iqtisadi və ticarət əlaqələrimizin səviyyəsi tamamilə dəyişdi".
İran İslam Respublikası prezidenti nüvə sazişində ABŞ və Avropa ölkələrinin öz öhdəliklərinə əməl etmədiklərini bəyan edərək, vurğulayıb: "Təkcə İran öz öhdəliklərini yerinə yetirdi və Beynəlxalq Atom Enerjisi Təşkilatı da 15 dəfə İranın nüvə qproqramında heç bir yayınma olmadığını təsdiqlədi".
O, İranın sanksiyaların ləğvi ilə bağlı danışıqları tərk etmədiyini bildirərək, əlavə edib: "Sanksiyalar ləğv edilməlidir ki, İran xalqı bundan bəhrələnsin, lakin qərb ölkələri sanksiya tətbiq etməklə İran İslam Respublikasının inkişaf və tərəqqisinin qarşısını almağa çalışırlar".