İranda yeni terror dalğasının qarşısı alınıb
Təhlükəsizlik naziri: Son dövrdə 400 bomba zərərsizləşdirilib
İran İslam Respublikasının Təhlükəsizlik naziri son dövrdə 400 bombanın aşkar edilərək zərərsizləşdirildiyini açıqlayıb və bildirib ki, Məhərrəm ayında partlatmaq üçün 40 bomba nəzərdə tutulmuşdu.
Höccətülislam Seyid İsmail Xətib İran televiziyasının “Dayanmadan” proqramında çıxış edərkən bu haqda deyib: “Biz 400-ə yaxın bombanı zərərsizləşdirmişik. 40-dan çox partlayıcı qurğunun Məhərrəmlikdə dini tədbirlərin keçirildiyi yerlərin yaxınlığında partlaması nəzərdə tutulurdu”.
Cənab Xətib həmçinin bildirib: “Ötən il 50-dən çox kəşfiyyat xidməti müxtəlif ölkələrdə çoxsaylı görüşlər və dəyirmi masalar keçirib, 200-dən çox KİV-ə İran əleyhinə təxribat üçün təlim keçib və bunun köməyi ilə yarımhökumət təşkilatları öz təxribatlarını hazırlamaq və layihələndirmək üçün silsilə planlar hazırladılar, virtual aləm və medianın köməyi ilə ölkədə bu fitnə, iğtişaş və xaosu yaratdılar”.
Onun sözlərinə görə, 50 kəşfiyyat xidmətinin büdcəsi ölkənin bütün büdcəsindən çoxdur və onların məqsədi təxribatdır. Qonşu ölkələrdən biri İranla sərhəddə silah zavodu qurmuşdu və onun bütün məhsulları qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilirdi.
Təhlükəsizlik naziri sonra qeyd edib ki, İraqın Kürdüstan bölgəsi ABŞ və sionist rejimin kəşfiyyat xidmətlərinin mərkəzinə çevrilib və oradakı bütün separatçılar dirçəldilir. Bunlar, kəşfiyyat xidmətlərinin İranın təhlükəsizliyinə qarşı fəaliyyətindən bir sıra nümunələrdir.