İran Ermənistanın ərazi bütövlüyünün qorunmasına yenidən təkid edib
İranın səfiri Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı bir daha rəsmi Tehranın Ermənistanın ərazi bütövlüyünün qorunması ilə bağlı aydın mövqeyini vurğulayıb.
İRNA-nın İranın İrəvandakı səfirliyinə istinadən verdiyi məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyan yeni səfirin vəzifəyə təyin olunmasını təbrik edərək onun fəaliyyəti dövründə İran və Ermənistan arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.
Paşinyan onu da vurğulayıb ki, iki ölkə regionun çətin anlarında fəal əlaqələrini qorumalıdır.
Ermənistanın Baş naziri daha sonra vurğulayıb ki, İran İslam Respublikasının prezidenti Ayətullah Seyid İbrahim Rəisi ilə etibarlı dialoq mövcuddur və bu, Ermənistan və İran arasında tərəfdaşlığın dərinləşməsinə kömək edəcək.
Mehdi Sübhani səmimi qəbula görə təşəkkür edərək, İran hökumətinin Ermənistanla bütün sahələrdə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.
İran səfiri Ermənistanın ərazi bütövlüyünün qorunması ilə bağlı İran tərəfinin aydın mövqeyini bir daha vurğulayıb.
Sübhani Qarabağ bölgəsinin sakinlərinə işarə edərək, bu coğrafi ərazidə ermənilərin təhlükəsizliyinin və hüquqlarının qorunmasının vacibliyini vurğulayıb.
Görüşdə tərəflər Ermənistan və İran arasında münasibətlərin gündəmində olan məsələləri müzakirə ediblər. O cümlədən, iqtisadi, ticarət, infrastrukturun inkişafı, səhiyyə, təhsil, elm, mədəniyyət və digər sahələrdə birgə proqramların icrası ilə bağlı məsələlər müzakirə edilərək araşdırılıb.