Tehran ilə Bakı arasında görüşlər intensiv hal alıb
https://parstoday.ir/azeri/news/iran-i2544-tehran_ilə_bakı_arasında_görüşlər_intensiv_hal_alıb
ECO İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasında iştirak etmək üçün Azərbaycan Respublikasında səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini Azərbaycan XİN rəhbəri ilə görüşüb.
(last modified 2024-05-23T04:11:57+00:00 )
Okt 10, 2023 14:42 Asia/Baku
  • Tehran ilə Bakı arasında görüşlər intensiv hal alıb

ECO İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasında iştirak etmək üçün Azərbaycan Respublikasında səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini Azərbaycan XİN rəhbəri ilə görüşüb.

Mehdi Səfəri və Ceyhun Bayramov arasında görüş zamanı Azərbaycan-İran münasibətlərinin gündəliyində duran bir sıra məsələlər müzakirə olunub və son dövrlər həyata keçirilən qarşılıqlı yüksək səviyyəli səfərlərin və görüşlərin münasibətlərin daha da irəli aparılmasına öz müsbət töhfəsini verdiyi vurğulanıb.

Görüşdə qarşıdakı mübət  perspektiv, Cənubi Qafqazda davamlı sülh və stabillik, 3+3 formatında regional əməkdaşlıqlar və əcnəbilərin region məsələlərinə müdaxiləsinə imkan verilməməsi kimi mövzular müzakirə edilib.

Şimal-Cənub nəqliyyat dəhlizinin, həmçinin bu marşrutla bərabər, Azərbaycanın əsas hissəsi ilə  Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının icrası istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadilə aparılıb.  İqtisadi-ticarət əlaqələrinin dinamikasının artması məmnunluqla qeyd edilib, iki ölkə arasında hökumətlərarası komissiyanın fəaliyyəti yüksək qiymətləndirilib.

Qeyd edək ki, ötən həftə Azərbaycan Respublikası prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov İranda rəsmi səfərdə oldu. O İran prezidenti İbrahim Rəisi, İİR XİN rəhbəri Hüseyn Əmir Abdullahian və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əliəkbər Əhmədian ilə ayrı-ayrılıqda görüşlər həyata keçirdi.

Həmçinin cümə günü İranın yol və şəhərsalma naziri Mehrdan Bəzrpaş Bakıda Azərbaycan Respublikası prezidenti İlham Əliyev ilə görüşdü. İranlı nazirin iştirakı ilə sərhəd məntəqəsində Azərbaycan Respublikasının əsas hissəsini Naxçıvan Muxtar Respublikasına qovuşduracaq körpülər və dəmiryolunun inşaat əməliyyatlarına start verildi.