Rəisi: İran dialoqu regional məsələlərin həlli yolu hesab edir
https://parstoday.ir/azeri/news/iran-i2756-rəisi_İran_dialoqu_regional_məsələlərin_həlli_yolu_hesab_edir
İran İslam Respublikasının prezidenti Qafqaz Əməkdaşlıq Qrupunun iclasında iştirak etmək üçün Tehranda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbulu zamanı danışıqlar və dialoqu regional məsələlərin həlli yolu adlandırıb.
(last modified 2026-03-20T08:20:48+00:00 )
Okt 24, 2023 05:30 Asia/Baku
  • Rəisi: İran dialoqu regional məsələlərin həlli yolu hesab edir

İran İslam Respublikasının prezidenti Qafqaz Əməkdaşlıq Qrupunun iclasında iştirak etmək üçün Tehranda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbulu zamanı danışıqlar və dialoqu regional məsələlərin həlli yolu adlandırıb.

Seyid İbrahim Rəisi ümidvar olduğunu bildirib ki, Tehran iclası konstruktiv əməkdaşlıq və regionda qarşılıqlı fəaliyyətlərin gücləndirilməsinə təkan verəcək.  

O deyib: “İran İslam Respublikası daim regiondakı problemlərin həllini regiondan kənarda axtarmağın əleyhinə olub. İndi də məsələlərin dialoq və konstruktiv danışıqlar yolu ilə həllinə təkid edir”.

Cənab Rəisi sonra Azərbaycan prezidentinə sionist rejimin nə bu ölkənin, nə də heç bir müsəlman ölkəsinin dostu olmayacağını söylədiyini xatırladaraq əlavə edib: “Qəzzədə bugünkü vəziyyət bütün region xalqları qarşısında bir tablodur ki, hamı görsün, sionistlərin cinayətini dəstəkləyən qərblilər, xüsusən də ABŞ nəinki region ölkələrinin dostu deyil, əksinə regionda ancaq öz irqçi maraqlarını güdürlər”.

Prezident Tehran-Bakı əlaqələrinin və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq qeyd edib: “Dost, qardaş və qonşu ölkə Azərbaycanla qarşılıqlı fəaliyyət və əlaqələrin səviyyəsinin yüksəldilməsi İranın xarici siyasətinin əsaslarından biridir və İslam Respublikası regionun qüdrətli dövləti olaraq, bütün ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşır”.

Bu görüşdə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov da ölkəsinin İran İslam Respublikası ilə əlaqələrə xüsusi önəm verdiyini bəyan edərək, İranın qeyri-regional müdaxilələrin qarşısının alınmasına dair mövqeyini yüksək qiymətləndirərək, “Qafqaz Əməkdaşlıq Qrupu”nun Tehrandakı iclasını faydalı, müsbət və konstruktiv addım kimi səciyyələndirib.

C.Bayramov həmçinin İran İslam Respublikasının Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləməkdə tutduğu mövqeləri yüksək qiymətləndirərək, iki ölkə arasında əlaqələrin perspektivini aydın adlandırıb və deyib: “Son aylarda iki ölkə münasibətlərin səviyyəsinin yüksəldilməsi və ikitərəfli əməkdaşlığın təşviqində mühüm irəliləyişlər əldə edilib”.

Nazir daha sonra Qərb ölkələrinin regional problemlər, o cümlədən Qəzzədəki mövcud vəziyyətlə bağlı ikili standartlarını tənqid edib, bölgənin müdafiəsiz xalqına qarşı hücumların ən qısa zamanda dayandırılacağına və bölgədə sakitliyin bərqərar olacağına ümid etdiyini bildirib.