İran və Azərbaycan münasibətləri düzgün istiqamətdə irəliləyəcək
https://parstoday.ir/azeri/news/iran-i5828-İran_və_azərbaycan_münasibətləri_düzgün_istiqamətdə_irəliləyəcək
İran və Azərbaycan münasibətləri düzgün istiqamətdə irəliləyəcək.
(last modified 2026-03-20T08:20:48+00:00 )
May 27, 2024 15:00 Asia/Baku
  • İran və Azərbaycan münasibətləri düzgün istiqamətdə irəliləyəcək

İran və Azərbaycan münasibətləri düzgün istiqamətdə irəliləyəcək.

bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani bu gün (27 may) Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İran və Azərbaycan münasibətləri düzgün istiqamətdədir.

Kənani bildirib ki, təbii olaraq Azərbaycanın Tehrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması da ikitərəfli münasibətlərin inkişaf etməsi çərçivəsində əldə olunan razılaşmalardan biridir.

“İran tərəfi ümid edir ki, bu razılaşma da iki ölkə arasında əldə olunan müştərək razılaşmalar çərçivəsində icra olunacaq”, - deyə o bildirib.

 bu ilin mayın 17-də Azərbaycan XİN Azərbaycanın İrandakı səfirliyinin yerinin dəyişdirildiyini açıqlayıb.

Bildirilib ki, ötən ilin yanvar ayında Azərbaycan səfərliyinə qarşı törədilmiş terror hücumundan sonra İran tərəfi ilə danışıqların əsas istiqamətlərindən biri səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi məsələsi ətrafında olub:

"Son bir neçə ay ərzində iki ölkənin rəsmi şəxsləri və aidiyyəti qurumları arasında təmaslar və danışıqlar çərçivəsində ölkəmizin gözləntiləri qarşı tərəfə çatdırılıb, səfirliyin daha təhlükəsiz və səfirlik üçün zəruri olan bütün tələblərə cavab verən yeni məkana köçürülməsi istiqamətində İran tərəfi ilə müvafiq iş aparılıb. Aparılmış iş nəticəsində səfirliyin yeni məkanı artıq müəyyən edilib".

Qeyd edilib ki, hazırda qeyd edilən məkan və binada səfirlik üçün zəruri şəraitin yaradılması məqsədilə müvafiq tədbirlər görülür:

"Qeyd edilən işlər yekunlaşandan sonra səfirliyin yeni məkanda fəaliyyətinin bərpa edilməsi planlaşdırılır".