Rusiya separatçı rejimin müraciətindən xəbərsiz olduğunu deyir
(last modified Sat, 08 Jul 2023 10:16:18 GMT )
İyul 08, 2023 14:16 Asia/Baku
  • Rusiya separatçı rejimin müraciətindən xəbərsiz olduğunu deyir

Tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın başçısı Arayik Arutyunyan Rusiyanın vasitəçiliyi üzərinə götürəcəyi təqdirdə Azərbaycanla dialoqa başlamağa hazır olduğunu bildirib.

 

Bu barədə Ermənistan mətbuatı xəbər verir ki, Arutyunyan sivil dialoq vasitəsilə bütün problemləri sülh yolu ilə müzakirə edib həll etməyə hazırdır.

Bundan əvvəl Arutyunyan “parlament”də deputatlarla görüşdə: “Bakı bizimlə yalnız inteqrasiyanı müzakirə edir”, – deyə danışıqlardan imtina etdiyini demişdi.

Mətbuatın yazdığına görə, Arayik Arutyunyanın Putinə məktubunu nəzərə alsaq, ola bilsin ki, Bakı ilə danışıqlar Rusiyanın vasitəçiliyi ilə aparılacaq.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məktubla tanış olmadığını jurnalistlərin diqqətinə çatdırıb: “Mən bu bəyanatlarla tanış deyiləm. Həmçinin dediyiniz şəxsin vəzifələri ilə də tanış deyiləm. Ona görə də bunları hətta şərh etməyəcəyəm”, deyə diplomat vurğulayıb.

Azərbaycan hakimiyyəti martın 27-də Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini aprel ayının birinci həftəsi Bakıda görüşə dəvət etsə də, bundan imtina edilib.

Qondarma qurumun Xarici İşlər Nazirliyi bildirmişdi ki, Rusiyanın sülhməramlı kontingentinin komandanlığının yerləşdiyi yerdə və vasitəçiliyi ilə görüşə hazırdırlar.

Mayın 28-də Azərbaycan prezidenti İlham Əliyev Laçın rayonunda bir sıra obyektlərin təməlqoyma mərasiminin açılışında Qarabağda özlərini müstəqil respublika elan edənlərə hansı hallarda güzəşt oluna biləcəyinə də toxunaraq demişdi: “Hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər”.