RSK Azərbaycanın müraciətlərinə baxmır
Azərbaycanın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərində separatçı erməni silahlı dəstələri Azərbaycanın hava məkanına müdaxilələr edir. Sülhməramlılar Rəsmi Bakının müraciətlərinə məhəl qoymur.
Azərbaycan Respublikasının hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə radiomaneələr tətbiq olunur. Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
Müdafiə Nazirliyi bildirib ki, iyulun 13-də saat 11:54-dən 12:07-dək Zəngilan-Füzuli və saat 13:02-dən 13:17-dək Füzuli-Bakı marşrutları üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus Gulfstream G280 sərnişin təyyarəsinə qarşı radiomaneələrin tətbiqi nəticəsində onun GPS peyk naviqasiya sistemində fasilə yaranıb.
Nzirlik bildirir ki, qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı əvvəllər də radiomaneələrin tətbiq edilməsi faktı qeydə alınıb.
"Bu kimi halların hava uçuşlarının təhlükəsizliyinə ciddi təhdid təşkil etdiyi barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına tərəfimizdən dəfələrlə edilən müraciətlərə baxmayaraq heç bir tədbir görülməmişdir", deyə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında qeyd edilir.