Azərbaycan və Türkmənistan
Xəzər dənizini strateji ticarət körpüsünə çevirir
Azərbaycan və Türkmənistan Orta Dəhliz üzrə yükdaşımaların sürətləndirilməsi məqsədilə Ələt və Türkmənbaşı limanları arasında əməkdaşlığı genişləndirir. Gömrük məlumatlarının mübadiləsi, rəqəmsallaşma və liman əməliyyatlarının əlaqələndirilməsi ilə yanaşı, dəniz nəqliyyatı imkanlarının artırılması Xəzər dənizinin Mərkəzi Asiya ilə Avropa arasında mühüm tranzit bağlantısına çevrilməsinə şərait yaradır
Azərbaycan və Türkmənistan Orta Dəhliz üzrə yükdaşımaların sürətləndirilməsi məqsədilə Ələt və Türkmənbaşı limanları arasında əməkdaşlığı gücləndirirlər. Tərəflər gömrük məlumatlarının mübadiləsi, rəqəmsallaşma, risklərin idarə edilməsi, eləcə də liman və dəmir yolu əməliyyatlarının əlaqələndirilməsi istiqamətində fəaliyyət göstərirlər.
▫️ 2025-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında 8,2 milyon ton yük daşınıb. Tranzit yüklərin həcmi 5,59 milyon tona çatıb. Limanda boşaldılan vaqonların 62 faizindən çoxu Bakı–Türkmənbaşı–Bakı marşrutu üzrə hərəkət edib.
▫️ İki ölkə arasında daşımaların genişləndirilməsi məqsədilə dəniz nəqliyyatı imkanlarının da artırılması nəzərdə tutulur. Türkmənistanda Azərbaycan Dəmir Yolları üçün inşa edilmiş “Qadamlı” quru yük gəmisi Bakı–Türkmənbaşı xəttində müntəzəm konteyner daşımalarının həyata keçirilməsi üçün nəzərdə tutulub. Gəmi 6 100 ton və ya 240 ədəd 20 futluq konteyner daşımaq gücünə malikdir. İkinci gəminin inşası da davam etdirilir.
▫️ Ələt–Türkmənbaşı xəttinin inkişafı Azərbaycanın Mərkəzi Asiyadan Cənubi Qafqaz, Türkiyə və Avropaya yük axınlarında rolunu daha da gücləndirir. Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni əhatə edən nəqliyyat zəncirinin genişləndirilməsi ilə Xəzər dənizi Mərkəzi Asiya ilə Avropa arasında strateji ticarət körpüsünə çevrilir.