Azərbaycan CNN-i məhkəməyə verdi
Azərbaycan CNN-ə qarşı ABŞ federal məhkəməsində iddia qaldırıb
Azərbaycan CNN telekanalının ölkə ərazisinin guya İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi barədə yayımladığı materialla bağlı ABŞ-nin federal məhkəməsinə müraciət edib. Bakı CNN-in anonim mənbələrə əsaslanan iddiaları təkzib etməsini və yayılan materiala düzəliş verməsini dəfələrlə tələb edib
2026-cı il iyunun 5-də CNN-in dərc etdiyi məqalədə Azərbaycan ərazisinin guya İsrail tərəfindən İrana qarşı hərbi və kəşfiyyat əməliyyatlarının həyata keçirilməsi üçün istifadə edildiyi barədə bir sıra təxribat xarakterli iddialar yer alıb.
Məqalədə iddia olunur ki, guya İsrail xüsusi təyinatlıları Azərbaycanın cənubunda, İran sərhədinə yaxın bir neçə ərazidə fəaliyyət göstərir, həmin məntəqələrdən kəşfiyyat və pilotsuz uçuş aparatları əməliyyatlarını həyata keçirir, guya İsrail Azərbaycanda dinləmə cihazları və digər kəşfiyyat avadanlıqları əvvəlcədən yerləşdirib və bunun İrana qarşı sonrakı əməliyyatlara hazırlıq məqsədi daşıyıb.
Qeyd edək ki, CNN materialın dərcindən əvvəl Azərbaycan tərəfinin mövqeyindən xəbərdar olub. Belə ki, CNN-nin sorğusuna cavab olaraq, Azərbaycan tərəfi bu iddiaları əvvəlcədən rəsmən təkzib edib və Azərbaycan ərazisinin hər hansı üçüncü dövlət tərəfindən İrana qarşı hərbi və ya kəşfiyyat məqsədləri üçün istifadəsinə icazə verilmədiyini bildirib.
Amma belə bir cavaba baxmayaraq materialda Azərbaycanın təqdim etdiyi mövqenin adekvat şəkildə əks etdirilməyib, əsas iddialar isə anonim mənbələrə istinadla təqdim edilib.
Azərbaycan ərazisinin xarici qüvvələr tərəfindən qonşu və üçüncü ölkələrə qarşı istifadəyə imkan verilmədiyi barədə dəfələrlə verilmiş bəyanatlara baxmayaraq, CNN-də saxta iddialarla dolu məqalənin qəsdən dərc edilməsi Azərbaycanın haqlı narazılığına səbəb olub.
Material dərc edildikdən sonra Azərbaycan tərəfi CNN-dən sözügedən iddiaların təkzib edilməsini və materiala düzəliş verilməsini rəsmən tələb edib. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi tərəfindən də müvafiq açıqlama verilib.
İyunun 6-da, 23-də və iyulun 2-də Azərbaycan tərəfi CNN-ə rəsmi təkrar məktublar göndərərək materialda yer alan iddiaların təkzib edilməsini və düzəlişlərin aparılmasını tələb edib.