Sülh və ticarət
Azərbaycan-Ermənistan ticarəti: 300 milyon dollarlıq potensial
Azərbaycanla Ermənistan arasında sülh prosesinin inkişafı fonunda iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsi gözlənilir. Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, 38 adda məhsul üzrə idxal-ixrac əməliyyatlarının mümkünlüyü iki ölkə arasında illik 300 milyon dollarlıq ticarət dövriyyəsi yarada bilər
Azərbaycanla Ermənistan arasında sülh prosesinin inkişafı fonunda iki ölkə arasında ticarət əlaqələrinin də genişlənməsi gözlənilir. Hazırda Azərbaycandan Ermənistana yanacaq məhsullarının ixracı həyata keçirilir. Eyni zamanda azərbaycanlı iş adamları bir müddət əvvəl Ermənistanda olublar. İş adamlarımızın Ermənistanda olduğunu təsdiqləyən Baş nazir Nikol Paşinyan Azərbaycanla elektrik enerjisinin ixracı və idxalı istiqamətində əməkdaşlığın mümkün olduğunu bildirib.
Maraqlıdır ki, yekun sülh sazişindən sonra Ermənistan bazarı Azərbaycanın iş adamları üçün nə qədər cəlbedici olacaq?
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin bərpası artıq reallaşıb:
“Artıq Azərbaycan Ermənistana yanacaq məhsulları ixrac edir. Bütövlükdə Vaşinqtonda bağlanan sülh anlaşmasından sonra Azərbaycan sülh gündəliyinə sadiq qalaraq Ermənistana 117 milyon dollardan çox dəyərdə yanacaq məhsulları ixrac edib. Azərbaycan üzərindən Ermənistana daşınan yüklərlə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb. Bu da Azərbaycanın sülh gündəliyinə sadiqliyini bir daha göstərir”.
Deputatın sözlərinə görə, ilkin qiymətləndirmələr iki ölkə arasında 38 adda məhsul üzrə idxal-ixrac əməliyyatlarının mümkün olduğunu göstərir:
“Bu, illik 300 milyon dollarlıq ticarət dövriyyəsi deməkdir. Konkret məhsullara gəldikdə isə bura qida, ərzaq və sənaye məhsulları, o cümlədən bir sıra xammal məhsulları daxildir. Azərbaycan və Ermənistanın aqrar sahə üzrə ixtisaslaşdığını nəzərə almaq lazımdır. Eyni zamanda, bəzi sənaye məhsullarına hər iki ölkədə tələb var. Ermənistanda istehsal olunan müəyyən məhsulların Azərbaycana idxalı da mümkündür”.
Vüqar Bayramov qeyd edib ki, ticarət əlaqələrinin bərpası ilə bağlı müzakirələrin yaxın perspektivdə iki ölkə arasındakı ticarətin strukturuna da təsir edəcəyi gözlənilir