Azərbaycan kəndləri ilə bağlı tarixi etirafına deputatlardan reaksiyalar gəldi – “Anklavların yaxın perspektivdə…”
https://parstoday.ir/azeri/news/azerbaijan-i14056-azərbaycan_kəndləri_ilə_bağlı_tarixi_etirafına_deputatlardan_reaksiyalar_gəldi_anklavların_yaxın_perspektivdə
Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla sərhədlərin delimitasiyası və anklav kəndlərlə bağlı son açıqlaması İrəvanın bu məsələdə mövqeyinə dair yeni detalları ortaya çıxardı. Paşinyanın etiraf etdiyi məqam xüsusilə diqqət çəkdi. O, 1991-ci il xəritələrinə əsasən Kərki, Barxudarlı, Sofulu və Yuxarı Əskiparanın Ermənistan ərazisi olmadığını bildirib
(last modified 2026-08-20T13:43:19+00:00 )
Avq 20, 2026 17:32 Asia/Baku
  • Azərbaycan kəndləri ilə bağlı tarixi etirafına deputatlardan reaksiyalar gəldi – “Anklavların yaxın perspektivdə…”

Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla sərhədlərin delimitasiyası və anklav kəndlərlə bağlı son açıqlaması İrəvanın bu məsələdə mövqeyinə dair yeni detalları ortaya çıxardı. Paşinyanın etiraf etdiyi məqam xüsusilə diqqət çəkdi. O, 1991-ci il xəritələrinə əsasən Kərki, Barxudarlı, Sofulu və Yuxarı Əskiparanın Ermənistan ərazisi olmadığını bildirib

Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla sərhədlərin delimitasiyası və anklav kəndlərlə bağlı son açıqlaması İrəvanın bu məsələdə mövqeyinə dair yeni detalları ortaya çıxardı. Paşinyanın etiraf etdiyi məqam xüsusilə diqqət çəkdi. O, 1991-ci il xəritələrinə əsasən Kərki, Barxudarlı, Sofulu və Yuxarı Əskiparanın Ermənistan ərazisi olmadığını bildirib.

Bu açıqlama Azərbaycan tərəfinin illərdir səsləndirdiyi mövqenin Ermənistan rəhbərliyi səviyyəsində təsdiqlənməsi oldu.

Məsələ ondadır ki, söhbət sadəcə bir neçə kənddən deyil, Azərbaycan-Ermənistan sərhədinin hüquqi və faktiki vəziyyətindən gedir. Kərki, Barxudarlı, Sofulu və Yuxarı Əskipara Azərbaycanın ərazi bütövlüyü məsələsində xüsusi əhəmiyyət daşıyan yaşayış məntəqələridir. Bu kəndlərin taleyi iki ölkə arasında aparılan delimitasiya prosesinin ən həssas istiqamətlərindən biri olaraq qalır.

Paşinyanın 1991-ci il xəritələrinə istinad etməsi İrəvanın Azərbaycan anklavlarının hüquqi statusunu qəbul etməsi anlamına gəlirmi? Əgər Ermənistan rəhbərliyi bu kəndlərin Ermənistan ərazisi olmadığını etiraf edirsə, onların Azərbaycana qaytarılması üçün daha hansı maneə qalır?

Azər Badamov: "Regionlarda dövlət müəssisələrinin cari təmirləri aparılmır"

Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a bunları dedi:

“Paşinyan hökumətin iclasında 2026–2031-ci illər üçün hökumət proqramını “Real Ermənistan” ideologiyasına və “Dördüncü Respublika” konsepsiyasına əsaslanaraq təqdim etdi. O, “Dördüncü Respublika”nın sülh məntiqi əsasında formalaşdığını bildirdi. Həmçinin Azərbaycanla münasibətlərdən, sərhədlərin delimitasiyası və demarkasiyasından danışaraq bir sıra açıqlamalar verdi.

Təbii ki, Paşinyanın “Dördüncü Respublika” konsepsiyası Prezident İlham Əliyevin yaratdığı yeni reallıqlar üzərində qurulur. Ölkə başçımız dəfələrlə Azərbaycanın suveren ərazilərinin danışıqlar predmeti olmadığını bildirib. Paşinyan da Ermənistan ərazisində qalmış dörd kəndimizin Ermənistana aid olmadığını bildirdi.

Paşinyan başa düşür ki, sülh gündəliyinin inkişaf etdirilməsi və iki ölkə arasında əməkdaşlığın qurulması üçün suveren hüquqlara hörmət edilməlidir. Eyni zamanda, Paşinyan Azərbaycanla münasibətlərin normallaşmasının vacibliyini daha aydın şəkildə görməyə başlayıb və buna görə də dörd kəndimizin Ermənistana aid olmadığını bildirir. Yəni delimitasiya və demarkasiya prosesi davam etdikcə həmin dörd kəndin Azərbaycana qaytarılması məsələsinin də həll olunacağı gözlənilir.

Başqa sözlə, Azərbaycan öz kəndlərindən imtina etməyəcək və Ermənistan da bu reallığı qəbul etməyə başlayıb. Sadəcə olaraq, yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklərin edilməsi məsələsi də həllini tapmalıdır. Paşinyanın bugünkü açıqlamalarından belə nəticəyə gəlmək olar ki, Konstitusiya dəyişiklikləri ilə bağlı məsələnin gündəmə gətirilməsi o qədər də uzaq perspektivdə deyil”.