Qubad İbadoğluna qarşı yeni ittiham irəli sürülüb
https://parstoday.ir/azeri/news/azerbaijan-i1794-qubad_İbadoğluna_qarşı_yeni_ittiham_irəli_sürülüb
Həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğluna qarşı yeni ittiham irəli sürülüb.
(last modified 2023-08-27T04:00:04+00:00 )
Avq 26, 2023 12:29 Asia/Baku
  • Qubad İbadoğluna qarşı yeni ittiham irəli sürülüb

Həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğluna qarşı yeni ittiham irəli sürülüb.

 

Bu barədə Turana iqtisadçının qızı Jalə Bayramova məlumat verib.

Onun sözlərinə görə, Q.İbadoğluna qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb: “Güya ofisdən axtarış zamanı Fətullah Gülənə aid kitablar çıxdı. Amma bu cəfəngiyatdır. Çünki axtarış olanda sənədləri torbaya yığıblar və adbaad qeyd etmədilər. Nəticədə sənədlərin, əşyaların adları protokolda əksini tapmadı: Belə olan halda özləri nəyisə qoyub atamın adına rahat yaza bilirlər. Amma bütün bu ittihamlar gülməli səslənir”, deyə iqtisadçının qızı vurğulayıb.

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu iyulun 23-də həbs olunub. 

Onun barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrıb.