Bakı dəhliz məsələsində mövqeyini yumşaldırmı? - AKTUAL
https://parstoday.ir/azeri/news/azerbaijan-i2426-bakı_dəhliz_məsələsində_mövqeyini_yumşaldırmı_aktual
Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri vurğulayıb ki, Azərbaycanın Ermənistanın suveren ərazisi ilə bağlı heç bir planı yoxdur və onun Naxçıvana qovuşan nəqliyyat xətləri ilə bağlı təklifi tamamilə sülh xarakteri daşıyır.
(last modified 2026-03-20T08:20:48+00:00 )
Okt 02, 2023 10:08 Asia/Baku
  • Bakı dəhliz məsələsində mövqeyini yumşaldırmı? - AKTUAL

Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri vurğulayıb ki, Azərbaycanın Ermənistanın suveren ərazisi ilə bağlı heç bir planı yoxdur və onun Naxçıvana qovuşan nəqliyyat xətləri ilə bağlı təklifi tamamilə sülh xarakteri daşıyır.

 

Hikmət Hacıyev deyib: “Azərbaycan Ermənistanın cənubunda dəhlizin açılması üçün hərbi gücdən istifadə etmək niyyətində deyil”.

Azərbaycan ordusunun Qarabağdakı hərbi əməliyyatından sonra Ermənistan tərəfində narahatlıq yaranmışdı ki, Bakı hərbi yolla Naxçıvanla Azərbaycan arasında dəhliz aça bilər. Lakin Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdən sonra Hikmət Hacıyev bildirib ki, Bakı yalnız Azərbaycanla Naxçıvan arasında sadəcə olaraq nəqliyyat xətlərinin qurulmasını istəyir.

Onun sözlərinə görə, bunun reallaşması Azərbaycan, Ermənistan və bütün regionun maraqlarını təmin edəcəkdir.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bir neçə gün əvvəl azərbaycanlı həmkarı ilə Naxçıvanda keçirilən görüşündə məlum dəhlizin yaradılmasının zəruriliyini vurğulamışdı.

Ərdoğan onu da bildirmişdi ki, İrəvan belə bir dəhlizin yaradılmasına razılıq verməsə, bu dəhliz İrandan keçə bilər və İran da bu ideyaya müsbət yanaşır.

İrəvan qətiyyətlə bəyan edir ki, onun ərazisindən keçən istənilən yola öz sərhədçiləri nəzarət etməlidir.

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin noyabrında imzaladığı bəyanata əsasən, Rusiya sərhədçiləri yolun Naxçıvanla Azərbaycan arasında Ermənistan ərazisindən keçən hissəsinə nəzarət etməlidir.

Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi adının açıqlanmaması şərti ilə Reuters agentliyinin müxbirinə deyib: “İran marşrutu da Bakı üçün məqbuldur. İndi top Ermənistanın meydançasındadır. Bu ölkə son 30 ildə özünə qarşı tətbiq etdiyi təcriddən çıxmaq istəyirsə, xarici dünya ilə ünsiyyət qurmaq istəyirsə, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Əks halda, Naxçıvana gedən yol Ermənistandan yan keçə bilər”.

Siyasi şərhçi Fuad Şahbaz isə bu qənaətdədir ki, Azərbaycan onsuz da Qarabağ erməniləri tərəfindən təzyiq altında olan Nikol Paşinyana daha çox təzyiq göstərmək istəmir, çünki Ermənistandakı etirazların bədxahları hakimiyyətə gətirə biləcəyindən ehtiyatlanır.

Ekspertin fikrincə, Bakı dəhliz məsələsini sülh sazişinə daxil etməkdə israrlı olmaya bilər.