Son həbslər Azərbaycan ictimaiyyəti tərəfindən qınanır
İnanclılar casus kimi təqdim olunur, narkotik ittihamı verilir
Azərbaycanda artıq bir müddətdir, dini inanclı şəxslər kütləvi şəkildə həbs edilir.
Meydan TV-nin apardığı araşdırmaya əsasən, həbslər İranla Azərbaycan arasında münasibətlərin gərginləşməsi fonunda baş verir və İranın casus şəbəkəsinə qarşı əməliyyat kimi təqdim olunur.
Həbs olunan şəxslərin yaxınları isə bununla razılaşmır və həbslərin İranla Azərbaycan arasında münasibətlərin pisləşməsinə görə baş verdiyini deyirlər.
Etiraz aksiyası keçirən həbs olunan inanclı şəxslərin yaxınları bildirib ki, hamısı narkotiklə və İrana casusluqda şərlənib.
Həbs olunan inanclı şəxslərin sayı və kimliyi haqqında dəqiq məlumatlar rəsmi qurumlar tərəfindən ictimaiyyətə açıqlanmır.
Azərbaycanda dini inanclıların kütləvi həbsi yanvar ayından – Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra başlamışdır.
Aprelin əvvəlinə olan məlumata görə, Bakı və rayonlardan həbs olunan dini inanclıların sayı təxminən 400 nəfərə çatıb.
Müsəlman Birliyi Hərəkatının (MBH) məlumatına görə, son 3 ayda təşkilatın 27 üzvü həbs olunub. Həbs edilənlərin hamısına da narkotik ittihamı verilib. Həbs olunanlar arasında keçmiş nardaran məhbusları da var.
Aprelin 16-da Demokratik Qüvvələrin Milli Şurası bəyanat yayaraq bildirib ki, Azərbaycan-İran arasında münasibətlərin gərginləşməsilə eyni vaxtda Azərbaycanda inanclı vətəndaşların kütləvi şəkildə həbsi, bəzi hallarda həbs edilən şəxslərə işgəncə verilməsi haqda məlumatlardan narahatdır.
Müsəlman Birliyi Hərəkatı isə hesab edir ki, bu işin arxasında ölkədə inancın gözdən salınması, şiəliyin təhlükəli cərəyan olaraq təqdimatı gizlənib.
Hərəkatın bəyanatında bildirilib ki, həbslər genişlənincə, elə saxlanılan an “casus”, “narkotik istifadəçisi” kimi məntiqsiz ittihamların yer aldığı gündəm bir müddətdən sonra bu oyunun qurama olduğunu yüzlərcə inanclının həbsi ilə də aydınlatdı.
Hərəkat hakimiyyəti davamlı həbsləri dayandırmağa çağırıb.