Əliyev ABŞ-ı Bakı-Tehran münasibətlərinə müdaxilədə qınadı
https://parstoday.ir/azeri/news/azerbaijan-i3396-Əliyev_abŞ_ı_bakı_tehran_münasibətlərinə_müdaxilədə_qınadı
Azərbaycan Respublikasının prezidenti ABŞ-ın Bakı-Tehran münasibətlərinə müdaxilə cəhdlərini qınayıb.
(last modified 2023-12-09T09:24:27+00:00 )
Dek 07, 2023 09:05 Asia/Baku
  • Əliyev ABŞ-ı Bakı-Tehran münasibətlərinə müdaxilədə qınadı

Azərbaycan Respublikasının prezidenti ABŞ-ın Bakı-Tehran münasibətlərinə müdaxilə cəhdlərini qınayıb.

 

Bu barədə dekabrın 6-da İlham Əliyev ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda danışıb.

İ.Əliyev deyib: “Biz Dövlət Departamentinin rəsmisindən müəmmalı bəyanat eşitdik. Birləşmiş Ştatlar qeyd etdi ki, əgər Naxçıvana çıxış yolu Ermənistandan keçməsə, onlar buna imkan verməyəcəklər. Biz də öz-özümüzə sual veririk, bu nə deməkdir? Siz İranla münasibətlərimizə necə müdaxilə edə bilərsiniz? Yəni onlar deyirlər ki, biz buna icazə verməyəcəyik, imkan verməyəcəyik. Bu, necə olar bilər? Belə məsuliyyətsiz bəyanatlar bu və ya digər tərəfə yaxşı töhfə vermir. Əfsuslar olsun ki, bu, əslində, sabitliyi, regiondakı proqnozlaşdırmanı daha da çətinləşdirir, o cümlədən bağlantı layihələrinə də təsir göstərir”.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi bildirmişdi ki, “İran İslam Respublikasının ərazisi üzərindən Azərbaycanı Naxçıvanla birləşdirəcək avtomobil və dəmir yollarının tikintisi haqqında Sazişin imzalanması bir daha Ermənistandan fərqli olaraq, Azərbaycanın alternativ marşrutlardan istifadə etməklə regionda nəqliyyat dəhlizlərinin inkişafına daim müsbət töhfə verdiyini göstərir”.

Oktyabrın 26-da Azərbaycan Prezidentinin xarici siyasət üzrə köməkçisi Hikmət Hacıyev isə “Politico” nəşrinə “Zəngəzur dəhlizi”nin Bakı üçün artıq cazibədarlığını itirdiyini demişdi.

Oktyabrın 6-da Zəngilanın Ağbənd qəsəbəsində Azərbaycandan İrana Araz çayı üzərindən avtomobil körpüsünün təməli qoyulub.

Layihə Zəngilan və Naxçıvan arasında İran ərazisilə yeni kommunikasiya əlaqələrinin yaradılması haqqında Azərbaycan-İran hökumətlərarası memorandumuna uyğun olaraq həyata keçirilir.

Rəsmi məlumatda körpünün tikintisilə eyni vaxtda sərhəd-gömrük infrastrukturunun da yaradılacağı göstərilib.