Azərbaycanın Tehrandakı Səfirliyinə hücumla əlaqədar məhkəmə prosesi barədə məlumat verildi:
Səfirliyə hücumla bağlı işə gələn ay baxılacaq
Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinə hücumla bağlı işə gələn ay baxılacaq.
Tehran Vilayəti Məhkəməsinin Baş hakimi Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücumla bağlı işdəki nöqsan və maneələrin aradan qaldırıldığını və bu işə baxılma tarixinin gələn aya təyin edildiyini bildirib.
İRNA-nın məlumatına görə, Əli Əl-Qasimehr bu xəbəri bazar ertəsi Ali Məhkəmə Şurasının iclasında açıqlayıb.
Məhkəmə Sisteminin sözçüsü Məsud Sitayişi bu il oktyabrın 10-da keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikasının səfirliyinə hücumu törədən şəxsin məhkəmə işinin son durumu ilə bağlı sualı cavablandırarkən bildirmişdi ki, Azərbaycan Respublikasının səfirliyinə hücum edən və bu səfirliyin əməkdaşının qəsdən öldürülməsinə səbəb olan şəxsin işi Tehran Vilayəti 1 nömrəli Cinayət Məhkəməsinə göndərilib. Cinayət prosesinin müddəalarının həyata keçirilməsində iş prosedur mərhələsindədir və hələ hökm çıxarılacaq məhkəmə iclası olmayıb.
O əlavə etmişdi: “Ötən ilin yanvarında qonşu və dost Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş hücum gözlənilməz, haqq qazandırılması mümkün olmayan, iki ölkə arasında dostluq münasibətlərini pozan acı və uğursuz hadisə idi. Məhz bu səbəbdən hadisənin əvvəlindən ölkənin məhkəmə, siyasi və təhlükəsizlik orqanları vurğulamışdılar ki, əsas günahkar və ya bu hadisənin baş verməsində maraqlı olan hər hansı şəxs qəti və sərt şəkildə cəzalandırılmalıdır. Ona görə də bu işin müxtəlif ölçüləri müəyyən edilib və istintaq tamamlanıb.”