Namizədlər imza toplama kampaniyasına başlayıblar
https://parstoday.ir/azeri/news/azerbaijan-i3682-namizədlər_imza_toplama_kampaniyasına_başlayıblar
Azərbaycan Respublikasında prezident seçkilərinə namizədlərin imza toplama kampaniyası davam edir.
(last modified 2023-12-27T07:09:59+00:00 )
Dek 26, 2023 10:41 Asia/Baku
  • Namizədlər imza toplama kampaniyasına başlayıblar

Azərbaycan Respublikasında prezident seçkilərinə namizədlərin imza toplama kampaniyası davam edir.

 

2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyi təsdiqlənən şəxslərin sayı, hələlik, 7 nəfərdir. Ümumilikdə 15 nəfər isə namizədliyini verib. Artıq imzatoplama kampaniyası da başlayıb.

Turan Xəbər Agentliyi yazır: Qanunvericiliyə görə, prezidentliyə namizədlər seçkilərə qatılmaq üçün 40 min imza yığmalıdır və həmin imzalar Mərkəzi Seçki Komissiyasında (MSK) təsdiqlənməlidir. Əvvəlki seçkilərdə bəzən namizədlərə imza yığmaq üçün hakimiyyətin öz inzibati resurslarından istifadə etdiyi, müxalif namizədlərə isə maneələrin yaradıldığı ilə bağlı iddialar səslənmişdi. Həmin iddialara görə, hakimiyyət bəzi özünə sərf edən namizədlərə bununla yol açıb, rəqabət görüntüsü yaratmaq istəyir, gerçək iddiaçılar isə sıxışdırılır.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı bildirib ki, ölkədə seçki abı-havası hiss olunmur.

Ekspertin vurğulamasına görə, mühitin qapadılması, jurnalistlərin təqibə məruz qalması öz nəticəsini verib , artıq seçkilərlə bağlı məlumatlar demək olar ki, yayılmır: “Müşahidəçilik institutu da zəifləyib, demək olar ki, sıradan çıxarılıb. Ona görə də seçki ilə bağlı məlumat qıtlığı və seçki prosesinin necə getdiyi ilə bağlı məlumatsızlıq var”.

Qeyd edək ki, Müsavat və Azərbaycan Xalq Cəbhəsi (AXCP) kimi müxalif partiyalar isə bu seçkilərdə iştirakdan imtina ediblər. Onlar iddia edirlər ki, azad və ədalətli seçkilər üçün minimum şərait belə yoxdur.

Azərbaycanda son prezident seçkisi 2018-ci il aprelin 11-də baş tutub. Qanunvericiliyə əsasən, növbəti prezident seçkisi 2025-ci ildə keçirilməli idi. Hakimiyyətə yaxınlığı ilə seçilən deputatlar seçkilərin tezləşdirilməsini dünyada baş verən dəyişikliklər və Azərbaycanın maraqlarının qorunması ilə izah ediblər.