Xəzəri çirkləndirən Abşeron yarımadası
Abşeron Yarımadasında məişət tullantılarının 72 faizi Xəzərə axıdılır. Bu barədə Bakı şəhərinin baş planında məlumat dərc edilib.
Hazırda Abşeron yarımadasında məskunlaşmış əhalinin 72%-ə qədərinin mərkəzləşdirilmiş kanalizasiya sisteminə çıxışı yoxdur. Bu barədə Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında qeyd olunub.
Məlumata görə, tullantı sularının yalnız bir hissəsi təmizlənərək Xəzər dənizinə buraxılır.
Xəzər dənizinin əslində göl olduğu və azad sulara yolunun olmadığını nəzərə alaraq, bu su hövzəsinin ətraf mühitinin qorunması ciddi əhəmiyyət kəsb edir.
Məhz buna görə də Xəzərin ətraf mühitinin mühafizəsi üzrə xəzəryanı ölkələrin işçi qrupu yaradılıb. Həmin qrup çərçivəsində Xəzərin sahilində yerləşən ölkələrin bu su hövzəsinə məişət və sənaye tullantılarının dərhal dayandırılması barədə razılıqlar əldə olunsa da bəzi region ölkələri hələ bu məqsədin reallaşması üçün lazımı tədbirlər görmürlər.
Xəzər sularına Abşerondan buraxılan məişət və sənaye tullantıları bu dənizin ətraf mühitinə hər an ziyan vurmaqda ikən, bunun qarşısının alınması təcili layihələrin həyata keçirilməsini tələb edir.
Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında isə kanalizasiya sisteminin imkanlarının artırılması çərçivəsində 4 yeni lokal sutəmizləyici qurğunun inşası təklif edilir.
Məlumatda qeyd olunur ki, bu layihələrin icrası Bakı şəhəri üzrə tullantı sularının təmizlənməsi sisteminin məhsuldarlığını 2,5 dəfədən çox artırmağa imkan verəcək. Ekspertlərə görə 2040-ci ilədək Abşeron yarımadasından Xəzərə tullantıların qarşısının alınması üçün bu miqdarda irəliləyiş ciddi rəqəm hesab olunmur.