Azərbaycan XİN:
“Mina xəritələri yararsız və natəmamdır”
Ermənistan mina sahələrinin yeni xəritələrini Azərbaycan tərəfinə verəcəyini bildirib. Azərbaycan isə bu açıqlamanı etimad quruculuğu tədbiri kimi qiymətləndirməyib Ona görə ki, rəsmi Bakının bildirdiyinə görə indiyədək təqdim edilmiş xəritələr yararsız və natamamdır, real vəziyyəti əks etdirmir.
Ermənistan işçi kanallar vasitəsilə yaxın günlərdə mina sahələrinin yeni xəritələrini Azərbaycan tərəfinə verəcək. “Armenpress”in məlumatına görə, bu barədə cümə axşamı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunub ki, Ermənistan artıq bir neçə dəfə Azərbaycan ərazisindəki minalanmış sahələrə dair 972 xəritəni Azərbaycana təhvil verib.
Ermənistan tərəfi dəfələrlə bəyan edib ki, onun sərəncamında daha keyfiyyətli xəritələr yoxdur və ötürülən xəritələr Qarabağ hərbçilərindən alıb.
“ 2023-cü il dekabrın 7-də Ermənistanın baş nazirinin ofisi ilə Azərbaycan prezidentinin administrasiyası arasında aparılan danışıqlar nəticəsində Ermənistan Milli Təhlükəsizlik Xidməti Dağlıq Qarabağın keçmiş hərbi qulluqçuları arasında sorğunu bərpa edib. Bunun nəticəsində 8 yeni fxəritə müəyyən edilib və onlar yaxın günlərdə işçi kanallar vasitəsilə Azərbaycan tərəfinə ötürüləcək. Bu sənədlərin surətləri beynəlxalq tərəfdaşlara veriləcək”, - deyə məlumatda bildirilir.
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Azərbaycana mina xəritələrinin təqdim olunması niyyəti barədə 25 yanvar 2024-cü il tarixli bəyanatına münasibət bildirib.
Azərbaycan XİN qeyd edir ki,Ermənistanın verdiyi mina xəritələrinin etibarlılığı yalnız 25 faiz təşkil edir. Təqdim edilmiş bu xəritələr yararsız və natamamdır, real vəziyyəti əks etdirmir.
Son illərdə mina partlayışlarının 55 faizdən çoxu Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verib.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi hedab edir ki, “Ermənistan tərəfinin bu açıqlaması sözügedən ölkənin niyyətinin humanitar prosesə töhfə vermək olmadığını göstərir və bu addım etimad quruculuğu tədbiri kimi qiymətləndirilə bilməz. Azərbaycan tərəfi bu günə qədər Azərbaycana tam şəkildə təqdim edilməyən bütün minalanmış ərazilərin dəqiq xəritələrinin Ermənistan tərəfindən təqdim edilməsini gözləyir.”
Xatırladaq ki, 2020-ci il 44 günlük müharibə başa çatdıqdan bu günədək 342 nəfər Azərbaycan vətəndaşı mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil 65 nəfər həlak olub. Həlak olan 65 nəfərdən 50 nəfəri mülki şəxsdir.
Azərbaycan XİN-in bəyanatında həmçinin son 30 il ərzində itkin düşmüş 4000-ə yaxın azərbaycanlıların aqibəti, habelə azərbaycanlıların dəfn olunduğu kütləvi məzarlıqların yerləri barədə Ermənistanın gecikmədən məlumatlar təqdim etməsi istənilib.