Artan pensiya nəyə yetəcək?
https://parstoday.ir/azeri/news/azerbaijan-i4346-artan_pensiya_nəyə_yetəcək
Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilərək artırılması ilə bağlı sərəncam imzalayıb, pensiyalar 11,2 faiz artırılıb.
(last modified 2024-02-06T06:12:28+00:00 )
Fev 06, 2024 09:07 Asia/Baku
  • Artan pensiya nəyə yetəcək?

Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilərək artırılması ilə bağlı sərəncam imzalayıb, pensiyalar 11,2 faiz artırılıb.

 

Sərəncama əsasən, 2023-cü il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq bütün növ əmək pensiyaları artırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq pensiyalar 11,2 faiz indeksləşdirilməklə bu il yanvarın 1-dən artırılıb. Ekspertlər isə bunun məişətə o qədər də müsbət təsir etməyəcəyi qənaətindədirlər.

İqtisadi paylaşımlar edən “Çəpəki” “Telegram” kanalı bu barədə yazır: “Rəsmi rəqəmlərə görə, 2023-cü ildə Azərbaycanda inflyasiya 8.8 faiz olub. İlk baxışdan indeksasiya rəqəminin inflyasiyadan çox olduğu görünür, lakin elə deyil. Nəzərə almaq lazımdır ki, 8.8 faiz inflyasiya orta rəqəmdir. DSK-nın hesabatlarından görürük ki, aztəminatlı əhalinin istehlakında qida xərcləri daha çox yer tutur. Rəsmi rəqəmlər isə göstərir ki, qida inflyasiyası (9.8%) ümumi inflyasiyadan (8.8%) daha yüksəkdir. Bu baxımdan, pensiyaçıların hiss etdiyi inflyasiya ölkə ortalamasından daha yüksəkdir, çünki onların əksəriyyətinin gəliri bir o qədər də yüksək deyil”.

Telegram kanalı qeyd edir ki, 11.2 faizlik artım ən yaxşı halda inflyasiyaya bərabər artım ola bilər. Pensiyaçıların gəlirini dayanıqlı artırmaq üçün pensiya məbləğinin özü yüksək olmalıdır. Əgər məbləğ özü yüksək olsa, inflyasiya qədər artımı qənaətbəxş hesab etmək olar.