Azərbaycan Respublikasında
Həcc ziyarətinin bahalaşması müzakirə mövzusuna çevrilib
Sputnik Azərbaycan həcc ziyarətinin bahalaşmasının səbəblərini öyrənib. Səudiyyə Ərəbistanında bahalaşma yoxsa quru sərhədlərin bağlı olması qiymətləri artırıb? Ekspertə görə həcc ziyarətinin təşkilinin QMİ-nin monipoliyasında olması da bu sahədə rol oynayır.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri hesab edir ki, Azərbaycanda Həcc ziyarətinin qiymətində ciddi bahalaşma yoxdur. O, qiymət artımının təxminən 100 ABŞ dolları civarında olduğunu söyləyib.
"Dünyada baş verən müharibələr və global iqtisadi böhran fonunda hər yerdə olduğu kimi, Səudiyyə Ərəbistanı Krallığında da bahalaşma müşahidə olunur. Bu da Həcc ziyarətinin qiymətində cüzi bahalaşmaya səbəb olub" - Vüsal Cahangiri bildirib.
İqtisadçı Natiq Cəfərli isə deyir ki, Həcc ziyarətinin qiymətinin hər il bahalaşmasında Azərbaycanda Həcc ziyarətinin yalnız bir qurum tərəfindən həyata keçirilməsi rol oynayır. İqtisadçının sözlərinə görə, Həcc ziyarəti bir neçə şirkət tərəfindən təşkil olunarsa, bu zaman rəqabətli mühit yaranar. Bu isə qiymətlərin aşağı düşməsinə şərait yaradar.
Natiq Cəfərli bildirib ki, qonşu müsəlman ölkələrində fiziki şəxslərə toplaşaraq Həcc ziyarətini təşkil etməyə icazə verilir. Azərbaycanda isə bu iş bir mərkəzdən təşkil olunur.
N.Cəfərli quru sərhədlərin bağlı qalmasının da həcc ziyarətinin bahalaşmasına səbəb olduğunu bildirib:
“İllər əvvəl Həcc və digər müqəddəs ziyarətləri avtobusla təşkil edən şirkətlər fəaliyyət göstərib. Amma quru sərhədlər bağlandıqdan sonra bu, mümkünsüz olub. Hava yolu ilə Həccə daşınma isə qiymətin artmasına təsir edib”,- İqtisatçı deyib.
Araşdırmalar göstərir ki, pandemiyadan bir il əvvəlki dövrlə müqayisədə bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 1565 dollar və ya 2660 manat artıb.
Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Bu qiymətə hansı xidmətlərin daxil edildiyi barədə məlumat verilməyib.