Naxçıvanla Ermənistan arasında atışma olub
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun Naxçıvandakı mövqelərini intensive atəşə tutublar.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatında deyilir:
İyunun 14-də saat 10:00-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.
Məlumatda Azərbaycan ordusunun bölmələrinin cavab tədbirləri gördüyü bildirilir.
Müdafiə Nazirliyi Azərbaycanın bu istiqamətdəki mövqelərinin dünən də atəşə tutulduğunu bildirmişdi. Ermənistan tərəfi qeyd olunan ərazilərdə atışmalaırn baş verdiyini təsdiqləsə də buna Azərbaycan hərbçilərinin başladığını bildirib. Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasını Ermənistanda tikilməkdə olan metallurgiya zavodunu məqsədyönlü şəkildə hədəfə almaqda ittiham edib. Ermənistan XİN-i bildirir ki, Azərbaycan ordusu hərbi əməliyyatlarla Ermənistanda sərmayələrin cəlb edilməsinə mane olmaq istəyir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ermənistan XİN-in bəyanatına cavab verərək Ermənistan tərəfinin iddialarının heç bir əsası olmadığını vurğulayıb.