Azərbaycan MN:
Azərbaycan ordusunun mövqeləri atəşə tutulub
Azərbaycan Müdafiə Nazirliyi bu ölkə ordusunun mövqelərinin bu gün Ermənistan tərəfindən atəşə tutulduğunu bildirib.
Bu gün saat 00:15-dən 00:20-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan ordusunun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətindəki mövqelərini dəfələrlə atəşə tutublar. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi bildirib.
Məlumatda əlavə olaraq deyilir ki, həmçinin, saat 00:50-dən 04:10-dək erməni birləşmələri Azərbaycan ordusunun Şuşa rayonu istiqamətindəki mövqelərini fasilələrlə atəşə tutublar.
Azərbaycan Müdafiə Nazirliyi bu ölkə ordusunun Naxçıvandakı mövqelərinin də Ermənistan tərəfindən hədəfə alındığını bildirib.
“İyunun 16-da saat 09:15-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Arazdəyən (Yerasx) yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Azərbaycan ordusunun Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutublar.”-Müdafiə Nazirliyinin məlumatında deyilir.
Ermənistan Müdafiə Nazirliyi isə bildirib ki, bu gün səhər Azərbaycan tərəfi Yerasx istiqamətindəki erməni mövqeyini atəşə tutub.