Azərbaycan Respublikası özünü təcriddə israrlıdır
Bütün qonşuları ilə quru sərhədlərini bağlı saxlayan və bu baxımdan dünyanın nadir ölkələri sırasında yer alan Azərbaycan Respublikası hava sərhədlərini də məhdudlaşdırmaq qərarına gəlib.
İyunun 23-dən Azərbaycan İran vətəndaşlarına ölkənin beynəlxalq hava limanlarında viza verilməsini dayandırır. Bu barədə İranın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.
Məlumatda bildirilir ki, indi İran vətəndaşları Azərbaycana səfər etmək üçün əvvəlcədən elektron qaydada “ASAN viza” almalı və ya Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna viza üçün müraciət etməlidirlər.
Qeyd edək ki, Azərbaycan istisna olmaqla bütün qonşuları ilə quru və hava yolları açıq olan İran İslam Respublikası artıq qonşularla viza rejiminin ləğv edilməsini planlaşdırır. Bunu Azərbaycan Respublikası vətəndaşlarına birtərəfli şəkildə çoxdan tətbiq edib. Elə son günlər İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Müqəddəm Azərbaycan Respublikası ilə anlaşılmazlıqların aradan qaldırılması xüsusundakı bəyanatında bir daha iki ölkə vətəndaşlarının sərbəst gediş-gəlişinin təmin edilməsini vurğulamışdı. Buna baxmayaraq rəsmi Bakı əks istiqamətdə addım atır və öz quru sərhədlərinə qoyduğu məhdudiyyətləri artıq hava sərhədlərinə də şamil etmək istəyir.