Məhkəmə qatili tapa bilmir yoxsa tapmaq istəmir?
https://parstoday.ir/azeri/news/azerbaijan-i570-məhkəmə_qatili_tapa_bilmir_yoxsa_tapmaq_istəmir
10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmənin hökmü ümumi fikri qane etməyib. Həqiqi cinayətkarın tapılmasında hüquq mühafizə qüvvələrinin səriştəsizliyi yaxud da həqiqi qatilin bilərəkdən gözdən qaçırılması kimi şübhələr ortaya çıxıb.
(last modified 2023-06-18T04:56:21+00:00 )
İyun 17, 2023 17:14 Asia/Baku
  • Məhkəmə qatili tapa bilmir yoxsa tapmaq istəmir?

10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məhkəmənin hökmü ümumi fikri qane etməyib. Həqiqi cinayətkarın tapılmasında hüquq mühafizə qüvvələrinin səriştəsizliyi yaxud da həqiqi qatilin bilərəkdən gözdən qaçırılması kimi şübhələr ortaya çıxıb.

 

10 yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham olunan və məhkəmə qərarı ilə 18 il həbs cəzası alan İlkin Süleymanovun cinayəti törətməsi barədə istintaq videosu yayılıb.

Videonun hökm veriləndən sonra yayılması ictimaiyyət arasında birmənalı qarşılanmayıb. Məhkəmə proseslərini izləyən və ictimaiyyətə bu barədə müfəssəl məlumat verən jurnalist Aytən Məmmədova həmin video yayıldıqdan sonra sosial media hesabında yazıb ki, “İlkin Süleymanovun etiraf videosunun indi yayılması təsadüf deyil. Gördülər ki, cəmiyyətdə böyük əksəriyyət hökmün ədalətsiz, onun təqsirsiz olduğunu düşünür. İnsanların fikrinə təsir göstərmək üçün bunu etdilər”

Jurnalist bildirib ki, sözügedən video məhkəmə prosesində də müzakirə predimeti olub:

“İlkin deyirdi ki, hadisə yerinə aparılanda işgəncədən ayağıma ayaqqabı olmurdu, ona görə başmaq geyindirdilər. Həqiqətən də videodan görünür, yanvar ayında adamın əynində kurtka, ayağında isə başmaq…”

Vəkillər məhkəmədə müstəntiqin yönləndirməsi, “demişdim ki, cinsi əlaqə olmayacaq” pıçıltısı, videoçəkiliş zamanı prokurorluğun başqa bir vəzifəlisinin müdaxiləsi və bu kimi bir çox məsələləri qaldırmışdılar.

İyunun 5-də Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə hökm oxunub. Hökmə əsasən, İ.Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib.

İ.Süleymanov son sözündə ittihamları qəbul etmədiyini söyləmiş və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdi.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Hadisənin baş verdiyi kənd əhalisindən tutmuş Azərbaycan Respublikasının ümumi fikrinədək belə bir qənaət formalaşıb ki, məhkəmə həqiqi qatili ört basdır etmək üçün günahsız insanı məhkum edib. Bəziləri də səriştəsizliyin buna səbəb olduğu qənaətindədirlər.