Ekoloji qırğına məruz qalan kənd polis nəzarətinə götürülüb
Jurnalistlərin zorla Gədəbəydən çıxarıldığı bildirilir. Bu barədə jurnalist Elsevər Muradzadə “Turan” Agentliyinə məlumat verib.
Muradzadənin sözlərinə görə, bugün, iyunun 22-də səhər jurnalistlər Nərgiz Absalamova, Nigar Mübariz və onu Gədəbəy rayonun Söyüdlü kəndinə polislər buraxmayıblar:
"Alternativ yollarla kəndə girmişdik. Bir az öncə Gədəbəy rayonunun polis tərəfindən zorla Gədəbəydən çıxarıldıq. Nərgiz ilə Nigarın telefonu əlindən alındı və fiziki zorakılığa məruz qaldılar. Polis rəisi bildirdi ki, ancaq icazəli media kənddə qala bilər".
Həmçinin Gədəbəy rayonunun son günlər etiraz aksiyalarının keçirildiyi Söyüdlü kəndinin girişinə polis postu qurulub.Yerli sakinlərin verdiyi məlumata görə, kəndə giriş-çıxış məhdudlaşdırılıb: "Postda kənd sakinlərinin şəxsiyyət vəsiqəsini yoxlayıb buraxırlar. Avtomobillərə baxış keçirirlər".
Onların deməsinə görə, Söyüdlü sakinləri olmayanların kəndə girişi çətinləşib: "Burada yasımız var. Qonşu kəndlərdən gələnlər var idi. Onları buraxmırdılar. Getmişik, danışıb buraxdırmışıq. Biz blokadada yaşayırıq".
Turanın məlumatına görə Daxili İşlər Nazirliyinin (DİN) bir rəsmisi də kəndə digər şəxslərin girişinin məhdudlaşdırıldığını təsdiqləyib.
Qeyd edək ki, Gədəbəy rayonunun Söyüdlü kəndində son günlər etiraz aksiyaları keçirilib. Aksiyaçılar polis zorakılığına məruz qalıb.
Sakinlər bildirirlər ki, kənd ərazisindəki qızıl mədəninin turşu tərkibli sularının örüş torpaqlarında qurulmuş gölməçəyə axıdılmasının ekologiyanı pozması, sakinlər arasında xəstəliklərin yaranmasına səbəb olması ilə bağlı rəsmi qurumlara dəfələrlə şikayətlər edilib.
“Artıq kimyəvi tərkibli suların toplandığı bir göl dolub. İndi kəndin on metrliyinə ikinci göl qurmaq istəyrilər. Bu göllər kəndin örüş sahələrində qurulur. Yaşamaq mümkün deyil. Kənd sakinləri gölün qurulmasına etiraz edir.”, Kənd sakini deyib.
Sakinlər vəziyyətin belə davam edəcəyi təqdirdə öz yurd-yuvalarını tərk edib başqa yerlərə didərgin düşməli olduqlarını bildirirlər.
Həyatı və məişəti ciddi təhlükədə olan sakinlərin hərhansı qanuni yolla edilən şikayətlərinə məhəl qoyulmadığından onlar nəhayət kənd ərazisində aksiya keçirməli olublar. Kənd sakinlərinin ekoloji qırğınına şərait yaratmış hakimiyyət isə əli yalın əhalini işğalçı dövlətin ordusu kimi hücuma məruz qoyub hərbi nəzarətə alıb. Bunun nəticəsində Gədəbəy rayonunun soyudlu kəndi ümumiyyətlə dünyadan izolyasiya edilib və orada baş verənlər barədə heç bir məlumat yoxdur.