Azərbaycanlı siyasətçilər Turanın sualını cavablandırıblar
(last modified Tue, 09 Jul 2024 09:41:38 GMT )
İyul 09, 2024 13:41 Asia/Baku
  • Azərbaycanlı siyasətçilər Turanın sualını cavablandırıblar

Pezeşkiyanın qalib gəlməsi İran-Azərbaycan münasibətlərinə necə təsir edəcək?

Turan Xəbər Agentliyi Pezeşkiyanın İranda prezident seçilməsinin Tehran-Bakı münasibətlərinə mümkün təsirlərini araşdırıb.

Xəbər agentliyi bildirir ki, seçkidən əvvəl bir müddət gərgin olan Azərbaycan-İran münasibətlərində yumşalma hiss olunmağa başladı. Mayın 19-da Azərbaycan prezidenti İlham Əliyev İranın keçmiş prezidenti Seyid İbrahim Rəisi ilə görüşdü. Onlar Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının açılış mərasimində iştirak etdilər. Eyni zamanda, "Şimal-Cənub" nəqliyyat dəhlizinin yaradılması da gündəmdədir. M.Pezeşkiyanın seçkidə qalib gəldiyi gün İ.Əliyev ona təbrik ünvanlayıb Azərbaycana dəvət etdi.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov isə jurnalistlərə açıqlamasında bildirib ki, İranda yeni prezident vəzifəyə başladıqdan sonra İranla münasibətlərin daha fəal inkişaf edəcəyi gözlənilir.

Yeni Azərbaycan Partiyasının (YAP) Nəzarət-təftiş komissiyasının üzvü Elman Nəsirov Turana bildirib ki, Pezeşkiyanın seçilməsi xalqın iradəsi nəticəsində baş verib: “Azərbaycanla münasibətlərə gəldikdə, Məsud Pezeşkiyanın indiyə qədər verdiyi müsahibələr, söylədiyi fikirlər göstərir ki, onun atacağı addımlar nəticə etibarilə Azərbaycanla da münasibətlərin isti olmasına gətirib çıxara bilər. İnanırıq ki, ikitərəfli münasibətlərimizdə vaxtilə əmələ gəlmiş anlaşılmazlığın aradan qaldırması üçün bu, bir fürsət olacaq”.

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə bildirib ki, hazırda proses odur ki, bu bölgəyə Qərbi və onun dəyərlərini buraxmaq istəmirlər, burada Azərbaycanla İranın maraqları üst-üstə düşür. Bu baxımından, münasibətlər bundan sonra eyni məntiqlə davam edəcək”.