İlham Əliyev sülh sazişinin iki şərtini açıqlayıb
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də II Şuşa Qlobal Media Forumunda etdiyi çıxışında Ermənistanla sülh sazişinin əldə olunması üçün iki şərtin reallaşmasını vacib hesab edinb.
Azərbaycan Respublikası prezidentinin sülh üçün zəruri hesab etdiyi ilk şərt olaraq, Ermənistanın da Azərbaycanla birlikdə Minsk qrupunun buraxılması üçün müraciət etməsini göstərib.
« Həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Minsk qrupunun fəaliyyətdə olması üçün heç bir səbəb yoxdur. Ermənistan Minsk qrupunu hələ də fəaliyyətdə saxlamaq istəyirsə, bu o deməkdir ki, Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiası var və bu, çox ciddi bir faktordur», - deyə Əliyev bildirib.
İlham Əliyev Ermənistanla sülh sazişinin imzalanması üçün ikinci zəruri şərtin isə bu ölkənin konstitusiyasının dəyişilməsi olduğunu deyib:
“Növbəti şərt odur ki, Ermənistan konstitusiyasında dəyişikliklər edilməlidir. Ermənistan konstitusiyasında müstəqillik barədə müddəa var və orada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə var, təhdid var. Orada Ermənistanın və dırnaqarası “Dağlıq Qarabağ”ın birləşməsindən söhbət gedir. Yəni, bu müddəa o konstitusiyada olduğu müddətdə sülh sazişi mümkün deyil”,-Azərbaycan Respublikası prezidenti deyib.