Azərbaycan XİN:
Aİ bölgədə “bölücü xətlər” yaratmaq siyasəti yeridir
Azərbaycan Xarici İşlər Nazirliyi Avropa İttifaqı Şurasının Ermənistana Avropa Sülh Fondu çərçivəsində 10 milyon avro məbləğində hərbi yardım verilməsi barədə qərarını pisləyib.
Fransa tərəfindən Ermənistanın “Bastion” çoxməqsədli zirehli avtomobilləri və “Sezar” özüyeriyən artilleriya qurğuları ilə təchiz edilməsi istiqamətdə atılan addımlardan sonra, Avropa İttifaqının Ermənistana hərbi yardım göndərməsi qərarı olduqca yanlış və təhlükəli addımdır və regionda gərginliyin artmasına xidmət edir. Avropa İttifaqı tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, bölgədə “bölücü xətlər” yaratmaq siyasətinin təzahürüdür. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə sözü gedən qərarı şərh edərək bildirib.
Bəyanatda Avropa İttifaqı Şurası tərəfindən verilmiş bu qərara qətiyyətlə etiraz edilib, göstəriləcək yardım barədə şəffaf şəkildə məlumatın açıqlanması istənilib.
Bəyanatda Avropa İttifaqı bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə töhfə verən bu kimi addımlara son qoymağa çağırılıb.
Qeyd edək ki, Avropa İttifaqı Xarici işlər nazirləri Şurası iyulun 22-də keçirilən iclasında Avropa Sülh Fondundan Ermənistana 10 milyon avro ayrılması barədə qərar qəbul edib.
İddiaya görə Avropa Sülh Fondu tərəfindən göstərilən yardım Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldiləcək.
Məlumatda qeyd edilib ki, Avropa İttifaqı üçün fövqəladə hallarda mülki əhalinin müdafiəsi
prioritetdir, bu yardım da analoji məqsəd üçün xərclənəcək.