“Ermənistan və Azərbaycana strateji razılaşma lazımdır”
(last modified Fri, 15 Nov 2024 13:17:37 GMT )
Noy 15, 2024 17:17 Asia/Baku
  • “Ermənistan və Azərbaycana strateji razılaşma lazımdır”

Ermənistanın baş naziri hökumət iclasında gözlənilməz bir açıqlama verərək, Azərbaycanla strateji sazişin imzalanmasının vacibliyini vurğulayıb.

Nikol Paşinyan Rusiyada keçirilən BRİKS sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşünün təfərrüatlarını təqdim edərkən bildirib ki, Ermənistan və Azərbaycanın dinc yanaşı yaşaması üçün nəinki sülh müqaviləsi və müxtəlif müqavilələr lazımdır, həm də strateji saziş imzalamağa ehtiyac var.

O əlavə edib: “Ümumilikdə deyə bilərəm ki, bizim bu strateji sazişlə bağlı təsəvvürlərimiz var və bu, Real Ermənistan konsepsiyasına əsaslanır”.

Onun sözlərinə görə, iki ölkənin gələcəkdə dinc yanaşı mövcudluğu növbəti yüz il ərzində təmin edilməlidir və bu məsələnin həlli hər iki tərəf üçün ən əsas və fundamental məsələdir.

O qeyd edib ki, “növbəti 100 il ərzində müstəqil qonşu dövlətlər kimi hansı çərçivələr daxilində yaşayacağımızı” dəqiq müəyyənləşdirmək vacibdir.

Qeyd edək ki, bazar ertəsi günü Ermənistan sülh müqaviləsinin qalan iki maddəsi üzrə təkliflərini Azərbaycana təqdim edib. Bu, aylarla davam edən danışıqların yekunlaşmasına doğru atılan bir addım olub, bu müddətdə tərəflər ərazi iddiaları və sərhəd demarkasiyası şərtləri kimi əsas məsələlərdə konsensusa gəlməyə çalışıblar.

Paşinyanın açıqlaması, Kazanda BRICS sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra verilib. Ermənistanın baş naziri söhbətin nəticələrindən məmnunluq ifadə edərək, dialoqun konstruktiv bir atmosferdə keçdiyini vurğulayıb.

Bu arada Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, tərəflər dekabr ayında sülh müqaviləsi müzakirələrinə yenidən qayıtmağı planlaşdırır.