Siyasi təşkilatlar Gədəbəylə bağlı hakimiyyətə çağırış etdilər
Sakinlərə qarşı təzyiqlər repressiya hesab olunur
Azərbaycan Demokratik Qüvvələrinin Milli Şurası, Müsavat və Demokratiya və Rifah partiyaları Gədəbəyin Söyüdlü kəndində davam edən etirazlarla bağlı bəyanat yayıblar.
Bildirilir ki, Gədəbəy hakim rejimin yaratdığı ekoloji terrorla üz-üzə qalıb. Belə ki, hakim ailəyə məxsus Gədəbəy qızıl yataqlarının istismarı zamanı köhnəlmiş və ucuz texnologiyaların tətbiqi nəticəsində əmələ gələn külli miqdarda sianid tullantıları Söyüdlü kəndində yaradılmış suni gölə axıdılır.
Bəyanatda vurğulanır ki, bu gölün təhlükəsizlik standartlarına cavab verməməsi yerli insanlara əsl ekoloji faciə yaşatmaqdadır. Ölkənin bütün yeraltı və yerüstü sərvətlərini ələ keçirən, bitib-tükənmək bilməyən varlanmaq ehtiraslarının əsiri olan rejim yoxsul həyat yaşayan insanların həm 48 ha örüş yerlərini əllərindən almaqla, həm də həmin ərazidə zəhərli sianid tullantıları üçün ikinci süni göl yaratmaqla onlara daha bir zərbə vurmağa hazırlaşır.
Milli Şura qeyd edir ki, Söyüdlü kəndində Azərbaycan qadınlarına, analarına, yaşlı insanlara qarşı gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edilib. Yaxın məsafədən yaşlı ananın gözünə bibər qazının sıxılması, şəhid anasının yerlə sürüdülərək dəyənəklə, təpiklə döyülməsi kimi vəhşiliklər Azərbaycan hakimiyyətinin antimilli, antiinsani və antihumanist mahiyyətini bir daha bütün çılpaqlığı ilə ortaya qoydu.
Milli Şura hesab edir ki, Söyüdlü kəndinin polis gücləri tərəfindən mühasirəyə alınması, kəndə giriş və çıxışların qapadılması isə Stalin dövrü təcrübələrinin təkrarı kimi hiddət və qəzəb doğurmaya bilməz.
Müsavat Partiyası hadisəni Azərbaycanda avtoritarizmin dərinləşməsi və ağır cinayət kimi qiymətləndirib.
Demokratiya və Rifah Partiyası isə yaşlı qadınlara qarşı bibər qazından, rezin dəyənəkdən istifadə olunmasını ölkənin hüquq mühafizə sistemindəki mövcud vəziyyəti və dolayısı ilə siyası rejimin mahiyyətini ifadə etdiyini bildirib.