Azərbaycana məzuniyyətə gələn talış tədqiqatçısı həbs edilib
(last modified Thu, 25 Jul 2024 10:49:19 GMT )
İyul 25, 2024 14:49 Asia/Baku
  • Azərbaycana məzuniyyətə gələn talış tədqiqatçısı həbs edilib

Belarusda yaşayan və məzuniyyətə gələn “Talış Milli Akademiyası”nın mətbu orqanı olan “Talış Milli Akademiyasının Xəbərləri”nin baş redaktoru İqbal Əbilova qarşı Səbail Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Turan xəbər agentliyinin verdiyi məlumata görə, İyulun 24-ü axşam saatlarında Səbail Rayon Məhkəməsi talış tədqiqatçısı İqbal Əbilov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.  

O, Azərbaycan Cinayət Məcəlləsinin 283 (milli ədavətin qızışdırılması) və 274 (dövlətə xəyanət) maddələri ilə ittiham olunur.

Turan bu məlumatı tədqiqatçının atası Şahin Əbilova istinadla verib.  

Onun sözlərinə görə, İ.Əbilov ona qarşı irəli sürülən ittihamları qəbul etmir, çünki bu  cinayətləri törətməyib.

Ş.Əbilov oğlunun uşaqlıqdan Belarusda yaşadığını deyib. O qeyd edib ki, həbs qərarından apellyasiya şikayəti veriləcək.

Turan əlavə olaraq belə yazır: Talış fəalları hesab edirlər ki, İ.Əbilov qondarma ittihamlarla həbs edilib, onun təqib edilməsinin əsl səbəbi müxtəlif milli azlıqlar, o cümlədən Azərbaycan talışları ilə bağlı araşdırmalardır.

Məlumata görə Belarusdan Azərbaycana məzuniyyətə gələn Azərbaycan vətəndaşı, etnik talış İqbal Əbilov iyulun 22-də Masallı rayonunun Bala Kolatan kəndində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

35 yaşlı  İqbal Əbilov virtual “Talış Milli Akademiyası”nın mətbu orqanı olan “Talış Milli Akademiyasının Xəbərləri”nin baş redaktorudur.