Jurnalist Əfqan Sadıqov Tiflisdə saxlanılıb
Ötən ildən Gürcüstanda yaşayan azərbaycanlı jurnalist, “Azel TV” internet kanalının rəhbəri Əfqan Sadıqov avqustun 3-də Tiflisdə saxlanılıb.
Jurnalist Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova sosial mediada saxlanma anını əks etdirən video yayıb.
Sevinc Sadıqova deyib ki, həyat yoldaşını saxlayanlar özlərini Gürcüstanın Daxili İşlər Nazirliyinin əməkdaşları kimi təqdim ediblər.
“Azərbaycanda yaşadığımız repressiya Gürcüstanda da davam edir. Hara aparırlar, bilmirik”,-Juranalistin həyat yoldaşı deyib.
Gürcüstanın DİN-dən bildiriblər ki, Əfqan Sadıqov Bakıya ekstradisiya olunacaq. Belə ki,Azərbaycanda onun barəsində şantaj maddəsi ilə cinayət işi açılıb. Əfqan Sadıqov isə yutub kanalında etdiyi tənqidi çıxışlarına görə repressiyaya məruz qaldığını deyib.
2020-ci ildə pul tələb etmək ittihamı ilə 4 il müddətinə həbs edilən Əfqan Sadıqov yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb. O iki il həbsdə saxlanıldıqdan sonra əfv sərəncamı ilə azadlığa buraxılıb.